"Qarabağ"dan ayrılan qapıçı Asmir Beqoviç İtaliyanın "Milan" klubunun heyətində debüt edib.
Sportnet.az-ın məlumatına görə, bu, A Seriyasının XXV turunda "Fiorentina" ilə səfər oyununa təsadüf edib. Bosniya və herseqovinalı qolkiper 52-ci dəqiqədə zədəli Canluka Donnarummanın əvəzinə meydana girib. Bundan 4 dəqiqə sonra Ante Rebiç "Milan"ı hesabda önə çıxarıb. Lakin 85-ci dəqiqədə "Fiorentina"nın futbolçusu Erik Pulqar penaltini dəqiq yerinə yetirərək, yekun hesabı müəyyənləşdirib - 1:1.
Hazırda "Milan" 36 xalla 7-ci, "Fiorentina" 29 xalla 13-cü yerdə gedir.
Qeyd edək ki, müqavilə ilə İngiltərə "Bornmut"una məxsus olan Asmir Beqoviç "Qarabağ"da mövsümün ilk yarısında forma geyinib. Qış fasiləsində isə o, "Milan"a keçib.