"Zirə"nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının XIX turunda “Qəbələ”yə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransı keçirib.
Sportnet.az-ın məlumatına görə, mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib...
- Evdə qələbə qazanıb turnir cədvəlində vəziyyətimizi düzəltmək istəyirdik. Oyun istədiyimiz kimi gedirdi, qol da vurduq. Sonradan şanslardan istifadə edə bilmədik. Daha sonra oyunun gedişatı dəyişdi. Təəsəüf ki, bu tur da istəyimizə nail ola bilmədik.
- Hər iki qolda Orxan Sadıqlının səhvi var idi...
- Bir neçə oyundur bu barədə danışılır. Az qala qapımıza gedən hər zərbə qolla nəticələnir. Meydanda legioner oynatmaq üçün məcburam ki, Orxanı qapıya qoyum.
- İkinci hissədə sönük olmağınız nə ilə bağlı idi?
- Əslində, bir neçə hücumumuz oldu. Hesabda öndə olanda istər-istəməz komanda geri çəkilir.
- Meydanın mərkəzində top paylayan yox idi. Cavid Hüseynov olmayanda bu işi görə biləcək futbolçunuz yoxdur?
- Komandada böyük problemlər var. Cavid cəzalı, Tellur zədəlidir. İstəsək də, əvəzetmələrdən oyunu gücləndirə bilmirik. Ortadakı futbolçularımız müdafiəyəmeyllilər idi. Buna görə də orada topu saxlamaqda çətinlik çəkirdik.