
"Heç vaxt heç bir şeydən ötrü peşman olmaq lazım deyil. "Neftçi"də də yaxşı anlarım oldu. Avropa Liqasında iki dəfə Rusiyanın "Arsenal" (Tula) komandasını məğlub etdik. Hətta evdə 3:0 hesabı ilə qalib gəldik. Hansısa Azərbaycan klubu Rusiya təmsilçisini məğlub etməmişdi, amma biz buna müvəffəq olduq".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordin "Moldfootball.com" saytına geniş müsahibəsində deyib.
55 yaşlı mütəxəssis "Şerif"dən "Neftçi"yə sərfəli təklif olduğu üçün keçdiyini xatırladıb: "Heç kimlə münaqişəm yox idi. Əslində, İtaliyada həll etməli olan bəzi məsələlər bar idi. Bu, ailə ilə bağlı idi. Məsələ bir aydan sonra həll olundu. Azad agent idim və aldığım bütün təklifləri nəzərdən keçirdim. Bunların arasından "Neftçi" variantı daha çox xoşuma gəldi. Onu qəbul etmək və Moldova "Şerif"i kimi klubu tərk etmək qərarına gəldim".
Bordin "Neftçi"də moldovalı oyunçu Petru Rakunun uğur qazana bilməməsinə belə aydınlıq gətirib: "Raku kimi bir futbolçu hər bir məşqçiyə lazımdır. O, işinə ciddi yanaşan əsl peşəkardır. "Şerif"də mənə çox kömək etdi və hər şey üçün ona minnətdaram. O, yalnız yaxşı futbolçu deyil, hər bir vəziyyətdə ona güvənə bilərsiniz. Raku həm mərkəzdə, həm də sağ cinahda oynadı. Oyununu və insanlığını bilərək, rəhbərlikdən 6 aylıq onu "Neftçi"yə dəvət etmələrinə razı saldım, bunun üçün məmnunam. Rəhbərlik yarım ildən sonra Rakunun sözləşməsini uzatmadı. Amma onu izləməyə davam edirəm".
İtaliyalı baş məşqçi "Şerif"də ikən Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ı keçə bilməmələrinin səbəbini isə belə izah edib: "Bizə avtokubok təcrübəsi olan çox yaxşı komanda düşmüşdü. Həmin mövsüm onlar Çempionlar Liqasının qrup mərhələsinədək irəlilədilər. İlk oyunda biz qol buraxmadan heç-heçə etmişdik, amma bizə çox çətin idi. Açığı, Bakıdakı qarşılaşmada heç-heçəyə nail olmaq bizə çox çətinliklə başa gəldi. Ev oyununda "Qarabağ" qələbəyə daha yaxın idi. Cavab görüşündə qol vurmaq üçün iki yaxşı imkanımız oldu. Kim bilir, onlardan yararlansaydıq, hər şey başqa cür alınardı. Bu halda rəqib açılar və biz onları əks-hücumlarda tutardıq. Lakin bunun əvəzinə kobud səhvə yol verdik və ilk yarının sonlarında top buraxdıq. Nəticəsi də məlumdur".
Qeyd edək ki, Roberto Bordin 2018 il iyunun 8-dən 2020-ci il yanvarın 18-dək "Neftçi"də işləyib. "Şerif" isə onun rəhbərliyi altında "Qarabağ"la 2017-ci iyulun 25-də Bakıda 0:0 hesablı heç-heçə etsə də, avqustun 1-də Tiraspolda uduzub - 1:2.