"İnanıram ki, "Neftçi"nin qapıçısı Aqil Məmmədov yaxşıdır. Hazırda ən vacib məsələ budur. "Neftçi"nin ilk hücumunda qol buraxdıq. Rəqib bizdən daha yaxşı oyun sərgilədi. Qarşılaşmadakı ikinci qol həlledici oldu. 10:0 hesabı ilə məğlub ola bilərdik. İkinci qolu buraxmamalıydıq. Onların sürətli və keyfiyyətli futbolçuları var".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Sabah"ın baş məşqçisi Jelko Sopiç Premyer Liqanın XX turunda "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
46 yaşlı mütəxəssis bildirib ki, futbolda belə hesablar olur: "Ötən tur "Qarabağ"la qolsuz heç-heçə etdik. Bu gün 5:2 və başqa cür də ola bilərdi. Rəqib ilk hücumda qol vurursa, sona qədər açıq futbol sərgiləmək lazımdır".
Xorvatiyalı məşqçi deyib ki, yaxşı heyətə sahibdirlər: "Oyunda bütün məsuliyyət mənimdir. Hansısa futbolçu hazırlığa bir gün tez və ya bir gün gec qatılır. Bu gün "Neftçi" qalib gəldi. Ola bilər ki, növbəti görüşlərdə sevinən tərəf biz olaq. "Bütün günah mənim üzərimdədir. 4 oyundur ki, uduzmurduq. Sistemi dəyişmək çətin olardı. Futbolda hər şey olur. 10 dəfə 0:4 hesabı ilə uduzmağı seçərdim, nəyinki 40 dəfə 0:1 hesabı ilə məğlub olmağı. Qışda transfer barədə klub prezidenti ilə söhbətimiz olmuşdu. Hər şeyi mediaya danışa bilmərəm. Saçım keçəl ola bilər, amma hər şeyi görürəm. Yayda bütün boşluqları doldurmağa çalışacağıq".