"İnanıram ki, Avropa çempionatının təxirə salınması tamamilə düzgün qərardır. Çoxlu sayda insanın sağlamlığı və həyatı üçün təhlükə varsa, əvvəldən təhlükəsizlik tədbirləri görmək daha yaxşıdır. AVRO-2021-ə hazırlaşmalıyıq".
Sportnetaz-ın məlumatına görə, bu fikirləri Rusiyanın "Lokomotiv" komandasının baş məşqçisi Yuri Syomin "Moscow-baku" nəşrinə müsahibəsində deyib.
73 yaşlı mütəxəssis bildirib ki, Rusiyada bütün yarışlar ən yüksək səviyyədə keçirilir. Baş məşqçi bunun DÇ-2018-də təsdiqləndiyini sözlərinə əlavə edib: "İstənilən vaxt - həm 2020-ci, həm də 2021-ci ildə hazırıq. Bunun üçün Avropa çempionatının gələn il keçirilməsi Rusiya üçün heç nəyi dəyişmir. Rusiya istənilən vaxt qitə çempionatının oyunlarını lazımi səviyyədə təşkil edəcək. Ölkəmizdə dünya səviyyəli idman yarışlarının keçirilməsi üçün hər cür şərait var".
Rusiyalı mütəxəssis Azərbaycanın Avropa çempionatına hazırlığı barədə də danışıb: "Azərbaycanda gözəl Bakı Olimpiya Stadionu var. O, sadəcə möhtəşəmdir! Azərbaycanlılar qonaqpərvər xalqdır. Bu ölkədə bütün idman tədbirləri həmişə yaxşı keçirilib. Buna görə Azərbaycan Avropa çempionatının oyunlarının keçiriləcəyi ölkələrin siyahısına daxil olub".
Syomin Azərbaycan futboluna məsləhətlər də verib: "Liqaya daha çox diqqət yetirilməsini məsləhət görərdim. Həm də komandaların inkişafına kömək edəcək yaxşı sponsorlar olmalıdır. Azərbaycanda işlədiyim vaxt futbola çox böyük diqqət yetirilirdi. Bu gün də bu idman növünə diqqət göstərilməlidir. Məhz bundan sonra Azərbaycan komandası qalib olacaq".
Qeyd edək ki, Aleksandr Syomin "Qəbələ"də 2013/2014 mövsümündə çalışıb. Onun rəhbərliyi altında "qırmızı-qaralar" Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı və ölkə kubokunun finalçısı olub. Syomin ən böyük uğurlarını "Lokomotiv"də çalışdığı dövrdə əldə edib. O, 3 dəfə Rusiya çempionluğu, 6 dəfə ölkə kuboku və 3 dəfə Superkubok qazanıb. Ukraynanın "Dinamo" (Kiyev) komandasında çalışdığı vaxt isə Syomin çempionluq və superkubok titullarına sahib olub.