"Təbriklərə görə, hamıya minnətdaram. Həmkarlar, dostlar, jurnalistlər diqqət göstərərək təbrik ediblər".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri I Divizion təmsilçisi "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə klubun rəsmi saytına açıqlamasında deyib.
60 yaşını qeyd edən təcrübəli mütəxəssis yubileyi ilə bağlı təssüratlarını bölüşüb: "60 yaş nə azdı, nə də ki, çox (gülür). Amma fakt odur ki, 60 yaşımız tamam olur. Futbol həyatı bir göz qırpımında gəlib keçir. Oynadığım dövrlər yada düşür. Hərdən köhnə kadrlara baxıb yada salırsan. Məşqçilik həyatı tamam başqadır. Futbol kollektiv idman növü olsa da, oyunçu ən çox öz oyununa cavabdehdir. Lakin məşqçi bütün komandaya görə məsuliyyət daşıyır. Nəticə birbaşa məşqçinin üzərindədir".
Koronavius pandemiyası həyatın bütün sahələrinə təsir etdiyi kimi Y.Vahabzadənin 60 illik yubileyi ilə bağlı arzularından da yan ötməyib: "Təmtəraqlı ad günü keçirməyi sevmirəm. Hər halda məlum hadisələr baş verməsəydi, yaxın dostlarla, yoldaşlarla bir yerə yığışıb məclis təşkil edəcəkdik. Qismət belə oldu. Bu gün karantin rejimindəyik. Evdə qalmalıyıq, qaydalara riayət etməliyik. Hazırda ön planda budur”.
Çempionatın dayandırılması bütün komandaları məşqsiz qoyub. Futbolçular, məşqçilər ümumiyyətlə, bu sahədə çalışanlar evdə qalmağa məcbur olub: "Evdə qalıb neyləyirik? Televizora baxırıq, indi internet dövrüdür. İdmanla məşğul oluruq. Öz sahəmizlə bağlı müəyyən işlər görürük. Ümid edirik ki, bu yaxın vaxtlarda karantin rejimi başa çatacaq. Məşqlərə başlayacağıq, çempionat bərpa olunacaq".