Bosniya və Herseqovina polisi sloveniyalı futbol hakimi Slavko Vinçiçi saxlayıb.
Sportnet.az-ın "24slata"ya istinadən məlumatına görə, əməliyyat fahişəxanada aparılıb. Həmin vaxt referi 25 kişi ilə birgə 9 yüngül əxlaqlı qadının əhatəsində dincəlirmiş.
Mənbə bildirir ki, saxlanılan şəxslər narkotik maddə və silah saxlamaqda şübhəli bilinirlər. Onlardan 14 bağlamalıq narkotik vasitə və 10 000 avro aşkarlanıb. Vinçiç dindirildikdən sonra sərbəst buraxılıb.
Reyd daha çox Tiyana Ayfon kimi tanınan Tiyana Maksimoviçin işə ilə bağlı olub. O, fahişəlik və sutenyorluqda şübhəli bilinir.
Qeyd edək ki, 41 yaşlı Vinçiç cari mövsüm Çempionlar Liqasının qrup mərhələsinin üç matçını idarə edib. O, 2013/2014 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində "Xəzər Lənkəran"ın İsrailin “Makkabi” (Hayfa) komandasına səfərdə 0:2, 2015/2016 mövsümündə "Qarabağ"ın qrup mərhələsində Belçika "Anderlext"inə səfərdə 1:2 hesabı ilə yenildiyi, həmçinin Azərbaycanın U-19 yığmasının Bosniya və Herseqovina ilə 0:0 hesablı heç-heçə etdiyi, İrlandiyaya isə 0:2 hesabı ilə uduzduğu AVRO-2014-ün seçmə oyunlarının baş hakimi olub.