Türkiyənin "Qalatasaray" klubu qapıçısı Fernando Muslera ilə müqavilənin müddətini uzadacaq.
Sportnet.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin vitse-prezidenti Abdurrahim Albayrak "Milliyet"ə məlumat verib.
O bildirib ki, 2021-ci ilin sonunda sözləşməsi başa çatan 34 yaşlı qolkiperlə daha iki illik müqavilə imzalanacaq. Albayrak zədə səbəbindən 6 - 8 ay yaşıl meydanlardan kənarda qalan qapıçının bütün ödəmələri alacağını sözlərinə əlavə edib.
Qeyd edək ki, Fernando Muslera Türkiyə Super Liqasının XXVII turunda "Rizespor"la matçda zədələnib. O, 15-ci dəqiqədə ayağından xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb. Təcrübəli qapıçının sağ ayağında iki qırıq aşkarlanıb.