
O, elə bir cümlədir ki, əsla razılaşmıram. Messi Bekhemin 20-25 yaşında da sağından atıb solundan keçə bilərdi. Bu gün Messi qarşısındakı 3-4 gənc və dinamik müdafiəçilərin də sağından atıb, solundan keçir. Ola bilsin ki, bu, gündəmə düşməkdən ötrü Bekmemin istifadə etdiyi maraqlı cümlədir. Sırf buna görə karyeranı bitirməyin gərəkliyi fikri ilə qətiyyən razı deyiləm".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ" və Azərbaycan millisinin sabiq kapitanı Rəşad Sadıqov ingiltərəli yarımmüdafiəçi Devid Bekhemin "Lionel Messi mənim sağımdan atıb solumdan keçdikdə karyeramı bitirməyin vaxtı çatdığını anladım" fikirlərinə münasibət bildirərkən deyib.
38 yaşlı müdafiəçinin fikrincə, karyeranı iki halda başa vurmaq olar: "Görürsən ki, artıq oyun planında səndə alınmır, getmir. Yaxud ola bilər ki, səhv edirsən. Səhvlərdən gənc yaşında da sığortalı deyilsən. Sığortalana bilməzsən ki, gənc yaşında hər hansı səhvə yol verməyəcəksən. 35 yaşımda etdiyim səhvi 20-25 yaşımda da etmişəm. Sadəcə, yaşlaşdıqca səhv edərkən, insanlar dərhal bu amili qabardırlar. Yaxşı olardı ki, hər hansı futbolçu səhv edirsə, onu ətraflı analiz edəsən. Yəni, bu, texniki, taktiki və ya fiziki hazırlıqla bağlı səhvdir. Yaşlaşmısansa və yol verdiyin səhvlər fiziki keyfiyyətlərlə bağlıdırsa, sürətli hücumçulara birəbir mübarizələrdə açıq-aşkar uduzursansa, onlar rahatlıqla qalib ayrılırlarsa, tamamilə razıyam ki, bu məqamı nəzərə alaraq, dərhal karyeranı bitirmək lazımdır. Texniki cəhətdən səhvə yol vermisənsə və ya başqa bir xətadırsa, bunlar karyeranı bitirmək üçün səbəb deyil. O səhvi hər zaman - 25 yaşında da, 30 yaşında da etmisən".
Sadıqov bildirib ki, belə məqamlarla əlaqədar yanaşmalarda ciddi problemlər var: "Komanda yaxşı oynayaraq, 0:1 hesabı ilə uduzursa, dərhal deyirlər: "Komanda formada deyil". Yaxud pis oyuna rəğmən, eyni hesabla qələbə qazanırsa, "Komanda yaxşı formadadır" söyləyirlər. Mən bu fikirlərlə çox qarşılaşmışam. Yaxşı olardı ki, hər zaman situasiyanı düzgün analiz edə bilək: Komanda formadadırmı, oynayırmı, nəticə oyun zəif olduğu üçün pisdirmı? Eynilə fərdi yanaşma sarıdan götürsək, hər bir futbolçunun səhvlərini də analiz etməliyik. Futbolçu var ki, çox yaxşı oyun sərgiləyir, amma istər müdafiədə, istərsə də hücumda çoxlu səhvə yol verir. Bu, o demək deyil ki, futbolçu yaxşı formada deyil və ya yaxşı oyun nümayiş etdirmir. Ona görə də yaxşı olardı ki, bu cür məqamlarda daha detallı analizlər edib fikir bildirilsin. Söhbət təkcə məndən yox, ümumən futbolumuzdan gedir. Səhv hər zaman baş verir. Bu cür hallarda detallı araşdırılıb, fikir bildirilsə, daha yaxşı olar".
Qeyd edək ki, Rəşad Sadıqov futbolçu karyerasını iyunun 22-də başa vurub.