Avropa Liqasının qrup mərhələsində IV turun "Qarabağ"la matçından əvvəl Türkiyə "Sivasspor"u heyətlə bağlı növbəti problemlə üzləşib.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Rıza Çalımbay yerli mətbuata açıqlama verib.
57 yaşlı mütəxəssis vitse-kapitan Hakan Arslanın zədələndiyini bildirib. O, 32 yaşlı müdafiəçinin belinə iynə vurulduğunu və bu səbəbdən, 4 gündür ayağa qalxa bilmədiyini sözlərinə əlavə edib.
Daha əvvəl "Sivasspor"un 3 futbolçusunda koronavirus aşkarlanıb.
Qeyd edək ki, İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.
Hakan Arslan III turda evdə "Qarabağ"ı 2:0 hesabı ilə məğlub etdikləri matçda komandanı meydana kapitan kimi çıxarıb.