AFFA futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin martda keçiriləcək oyunlarına hazırlaşa bilməsi üçün növbəti dəfə Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edib.
Bu barədə Sportnet.az-a açıqlamasında Azərbaycan Futzal Federasiyasının Mətbuat katibi Mahal Məmmədov məlumat verib.
O bildirib ki, ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar idman zalları bağlı olduğundan yığmanın məşqləri üçün yenidən xüsusi icazə alınmalıdır: "Əvvəlki icazə sırf Slovakiya və Yunanıstanla oyunlarla bağlı idi. Artıq Operativ Qərargaha məktub ünvanlanıb. Ümid edirik ki, fevralın ikinci yarısından sonra təlim-məşq toplanışına başlaya biləcəyik".
Qeyd edək ki, Azərbaycan millisi III qrupdakı ilk 2 oyunda evdə Slovakiyanı 4:1, səfərdə isə Yunanıstanı 3:0 hesabı ilə məğlub edib. Yığma növbəti matçlarını martın 4-də və 9-da Moldova seçməsinə qarşı keçirəcək. İlk görüş Bakıda, ikinci qarşılaşma Kişinyovda olacaq.