
"Azərbaycanda 4,5 il "Xəzər Lənkəran" və "Qarabağ"da çalışdım. Amma təbii ki, "Beşiktaş"da işimi davam etdirsəydim, mütləq bir neçə dəfə çempionluq yaşayardıq".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Xəzər Lənkəran" və "Qarabağ" komandalarının sabiq baş məşqçisi Rasim Kara "Ajansspor"a müsahibəsində Azərbaycandakı fəaliyyəti barədə danışarkən deyib.
Türkiyəli mütəxəssis bildirib ki, Lənkəran təmsilçisində çalışrakən klubun sahibi Mübariz Mənsimov ona Türkiyə "Beşiktaş"ının prezidenti vəzifəsini təklif edib: "O, İstanbul təmsilçisinin qatı azarkeşi imiş. Bir gün məndən "Səni bu klubun prezidenti edimmi", - deyə soruşdu. Mən də "Et" cavabını verdim. Amma həmin vaxt "Beşiktaş"ın 70 milyon ABŞ dolları borcu var idi. Bu vəzifəyə iddialı gəlirsənsə, bir o qədər də vəsait xərcləmək lazım idi. "Tamam" dedi, amma sonra alınmadı".
Qeyd edək ki, Rasim Kara 2004 - 2006 və 2008-2009-cu illərdə "Xəzər Lənkəran"ın, 2007-2008-ci illərdə isə "Qarabağ"ın baş məşqçisi olub.