Elşən MƏMMƏDOV
Bu gün Türkiyə millisinin baş məşqçisi Şenol Güneşin "Azərbaycanda iki matç keçirmək bizim üçün üstünlükdür" açıqlaması yayıldı. Amma səbəbi yox idi. Buna görə də elə anlaşılırdı ki, qardaş ölkədə oyunlara çıxacaqlarını nəzərdə tutub.
Amma tənbəllik eləməyib Şenol hocanın "Haber Global"a verdiyi həmin müsahibənin o hissəsini taparaq, diqqətlə izlədim. Məlum oldu ki, məqsəd başqa və bir qədər də sadə imiş.
Demə, hoca Bakıda dalbadal iki oyun keçirəcəklərini nəzərdə tuturmuş. Bunun əvəzində axırıncı turda qarşılaşacaqları və ikinci pillə uğrunda mübarizədə əsas rəqib saydıqları İsveçrənin Azərbaycana iki dəfə səfər edəcəyini də əlavə edib. Sadəcə, Türkiyənin yazılı mətbuatı bunu yazmayıb və nəticədə baş məşqçinin fikirləri kontekstdən çıxıb.
Bax belə, bu qədər sadə...
Şenol Güneş pafoslu açıqlamalardan uzaq mütəxəssisdir. "Azərbaycanda qardaşlarımız önündə oynayacağıq, ona görə 3, hətta 6 xal cibimizdədur" məntiqindən uzaq baş məşqçidir.
Bir sözlə, Şenol Güneş Fatih Terim deyil!