
Türkiyə Super Liqasında 2020/2021 mövsümünün qalibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, "Beşiktaş" komandası tarixində 21-ci, Superliqa keçirilməyə başlayandan isə 16-cı dəfə ölkə çempionu olub.
XLII turda "qara qartallar" səfərdə "Göztəpə" üzərində 2:1 hesablı qələbə qazanıb. Hesabı 10-cu dəqiqədə Domaqoy Vida açıb. 24-cü dəqiqədə Alparslan Öztürk bərabərlik qolunu vursa da, 69-cu dəqiqədə Raşid Gezzal penalti ilə yekun nəticəni müəyyənləşdirib.
Bu qələbə sayəsində "Beşiktaş" xallarını 84-ə çatdırıb.
"Qalatasaray" öz meydanında "Yeni Malatyaspor"a 3:1 hesabı ilə qalib gəlib. İlk qolu 39-cu dəqiqədə qonaq komandadan Adem Büyük vurub. 53-cü dəqiqədə Halil Dervişoğlu, 60-cı dəqiqədə Rayan Babel, 90+3-cü dəqiqədə isə Oğulcan Çağlayan fərqlənərək, "sarı-qırmızılar"ın inamlı qalibiyyətini təmin edib.
Lakin "Beşiktaş" top fərqində "Qalatasaray"dan öndə olduğu üçün birinci pillədə qalıb və 4 ildən sonra qızıl medallara yiyələnib. "Sarı-qırmızılar" gümüş medalla kifayətlənib.
"Fənərbağça" isə səfərdə "Kayserispor"u 2:1 hesabı ilə məğlubiyyətə uğradaraq bürünc medala sahib olub. İlk qolu 18-ci dəqiqədə "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike vurub. 58-ci dəqiqədə "Fənərbağça"dan Xose Sosa penaltini yerinə yetirə bilməsə də, 90-cı dəqiqədə Enner Valensiya, 90+8-ci dəqiqədə Sərdar Azizin qolları ilə əzmkar qələbə əldə edib. Bununla belə, "Fənərbağça" 82 xalla 3-cü pillədə qalıb.
"Kayserispor" isə 41 xalla 17-ci pillədə qalıb və I Liqaya enməkdən qurtulub. Əvəzində "Trabzonspor"a səfərdə 1:2 hesabı ilə uduzan "Gənclərbirliyi" 38 xalla 20-ci yeri tutub və Superliqa ilə vidalaşıb. I Liqaya enən digər klublar isə "Erzurumspor", "Ankaragücü" və "Dənizlispor" olub.
----------------------------------------
Bu gün Türkiyə Super Liqasında 2020/2021 mövsümünün qalibi müəyyənləşəcək. Sportnet.az-ın məlumatına görə, çempionluq uğrunda mübarizə aparan 3 klub həlledici qarşılaşmalarına çıxacaq.
XLII tur öncəsi "Beşiktaş" və "Qalatasaray" 81 xalla ilk 2 pilləni bölüşür. "Ağ-qaralar" "sarı-qırmızılar"ı topların nisbətində 2 top qabaqlayır. "Fənərbağça" isə 79 xalla 3-cü yerdə gedir.
Bakı vaxtı ilə saat 21:30-da başlanacaq görüşlərdə "Beşiktaş" 51 xalla 10-cu pillədə gedən "Göztəpə"nin qonağı olacaqsa, "Qalatasaray" 45 xalla 14-cü mövqedə qərarlaşmış "Yeni Malatyaspor"u qəbul edəcək. "Fənərbağça" isə 41 xalla 17-ci pillədə olan və I Liqaya enmə təhlükəsi ilə üzləşən "Kayserispor"un qonağı olacaq.
Hazırkı durumda "Beşiktaş" 21-ci çempionluğuna daha yaxın görünür, amma "Qalatasaray" ev oyununda 2 top artıq fərqlə qələbə qazansa, tarixində 23-cü dəfə Türkiyə çempionu olacaq. "Fənərbağça" isə 20-ci çempionluğunu şərikli liderlərin hər ikisinin xal itirəcəyi təqdirdə əldə edə bilər. Daha dəqiqi, "qartallar" və "aslanlar" heç-heçə etsələr, "bülbüllər" ən azı 5 top fərqi ilə qalib gəlməlidirlər. Əsas rəqibləri uduzacağı təqdirdə isə "Fənər"ə istənilən hesablı qələbə kifayət edəcək.
Tütkiyə Super Liqası, XLII tur
15 may
21:30. "Qalatasaray" - "Yeni Malatyaspor" - 3:1
Qollar: Halil Dervişoğlu, 53. Rayan Babel, 60.Oqulkan Çalayan, 90+3 - Adem Büyük, 39
21:30. "Göztəpə" - "Beşiktaş" - 1:2
Qollar: Alparslan Öztürk, 24 - Domaqoy Vida, 10. Raşid Gezal, 68
21:30. "Kayserispor" - "Fənərbağça" - 1:1
Qollar: Pedro Enrike, 18 - Enner Valensiya, 90
İstifadə olunmamış penalti: Xose Sosa, 58 ("Fənərbağça")