Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunmuş matçda Fransa və İsveçrə milli komandaları üz-üzə gəlib.
Görüşün əsas vaxtı 3:3 hesablı heç-heçə ilə başa çatıb. İsveçrə millisindən Haris Seferoviç 15-ci və 81-ci, Mario Qavranoviç 90-cı, Fransa yığmasından isə Kərim Benzema 57-ci və 59-cu, Pol Poqba 75-ci dəqiqədə fərqlənib.
Qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqəlik iki hissədən ibarət əlavə vaxt oynanılıb. Lakin komandalar cəhdlərə baxmayaraq, əlavə vaxtda də hesabda irəli çıxa bilməyiblər.
Bu səbəbdən, qarşılaşmada qalibi müəyyən etmək üçün penaltilər seriyasına müraciət edilib. "Lotereya" İsveçrənin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Fransa yığmasından penaltini Kilian Mbappe dəqiq yerinə yetirə bilməyib.
İsveçrə 1/4 finalda İspaniya yığması ilə üz-üzə gələcək. Matç iyulun 2-də Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunacaq.
Qeyd edək ki, daha əvvəl AVRO-2020-nin 1/4 final mərhələsinin iki cütü müəyyənləşib. İyulun 2-də Almaniyanın Münhen şəhərində Belçika və İtaliya, iyulun 3-də isə Bakıda Çexiya və Danimarka yığmaları qarşılaşacaq.
--------------------------------------
Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, turnirin favoritlərindən İspaniya millisi Xorvatiya ilə qarşılaşıb. Danimarkanın paytaxtı Kopenhagendəki "Parken" stadionunda oynanılan və türkiyəli FIFA referisi Cüneyt Çakırın idarə etdiyi görüş Pireney təmsilçisinin 5:3 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı xorvatiyalılar açıblar. 20-ci dəqiqədə Pedrinin geriyə ötürdüyü topu qapıçı Unay Simon ayağının altından buraxıb. Kuryoz qolla hesabda geri düşən Luis Enrikenin baş məşqçi olduğu kollektiv 38-ci dəqiqədə tarazlığı bərpa edib. Bərabərlik qolunun müəllifi Pablo Sarabiya olub. İlk hissə bu hesabla başa çatıb. 57-ci dəqiqədə İspaniya yığması hesabı öz xeyrinə dəyişib. Bu dəfə Sesar Asplikueta fərqlənib. 77-ci dəqiqədə rəqib müdafiəçinin kobud səhvindən istifadə edən Ferran Torres komandasının üstünlüyünü 2 topa çatdırıb. Lakin ruhdan düşməyən Xorvatiya millisi əvvəlcə 85-ci dəqiqədə Mislav Orşiçin qolu ilə fərqi azaldıb. Matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə isə Mario Paşaliç hesabı bərabərləşdirib.
Nəticədə qarşılaşmada əlavə vaxt oynanılıb. 100-cü dəqiqədə Alvaro Morata İspaniyanı yenidən hesabda önə keçirib. 4 dəqiqə sonra isə Mikel Oyarzabal fərqlənərək oyunda son nöqtəni qoyub. Beləliklə, 5:3 hesablı qələbə qazanan pireneylilər 1/4 finala vəsiqə əldə ediblər.
Qeyd edək ki, İspaniya yığmasının növbəti mərhələdəki rəqibi bu gün keçiriləcək Fransa - İsveçrə matçının qalibi olacaq.
------------------------------------
Bu gün futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmalar Danimarka və Rumıniyada olacaq.
Günün ilk matçı Xorvatiya və İspaniya yığmaları arasında oynanılacaq. Kopenhagendəki "Parken" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Oyunu türkiyəli FIFA referisi Cüneyt Çakır idarə edəcək.
Günün son matçında isə Fransa və İsveçrə milli komandaları üz-üzə gələcəklər. Buxarestdəki "Milli Arena"da gerçəkləşəcək görüşün baş hakimi argentinalı Fernando Rapallini olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Fransa - İsveçrə və Xorvatiya - İspaniya oyunlarının qalibi 1/4 finalda rəqib olacaqlar.
28 iyun
Avropa çempionatı
1/8 final mərhələsi
20:00. Xorvatiya - İspaniya - 3:5 (ƏLAVƏ VAXTDA - 0:2)
Qollar: Pedri, 20 (avtoqol), Mislav Orşiç, 85, Mario Paşaliç, 90+2 - Pablo Sarabiya, 38, Sesar Asplikueta, 57, Ferran Torres, 77, Alvaro Morata, 100, Mikel Oyarzabal, 103
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Kopenhagen, "Parken" stadionu
23:00. Fransa - İsveçrə - 3:3 (PENALTİLƏRLƏ - 4:5)
Qollar: Kərim Benzema, 57; 59. Pol Poqba, 75 - Haris Seferoviç, 15; 81. Mario Qavranoviç, 90
İstifadə olunmamış penalti: Rikardo Rodriges, 55 (İsveçrə)
Penaltilər seriyası: Pol Poqba, Olivye Jiru, Markus Türam, Presnel Kimpembe - Mario Qavranoviç, Fabian Şer, Manuel Akanci, Ruben Varqas, Admir Mehmedi
Dəqiq yerinə yetirmədi: Kilian Mbappe (Fransa)
Baş hakim: Fernando Rapallini (Argentina)
Buxarest, "Milli Arena" stadionu.