Yunanıstanda "Olimpiakos" və "Neftçi" arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu keçirilib.
Sportnet.az-ın Afinaya ezam olunmuş əməkdaşı xəbər verir ki, "Georgios Karaiskakis" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
"Neftçi" görüşü ənənəvi 4-5-1 taktikası ilə keçirib. Qapıçı Aqil Məmmədovun önündə mərkəz müdafiəçiləri qismində Mamadu Mboc, Mert Çelik və Voislav Stankoviç, cinahlarda isə Yusuf Laval və Harramiz Suareş qərarlaşıb. Yarımmüdafiədə kapitan Emin Mahmudov, Mamadu Kane, Sezar Meza Kolli və Sabir Buqrin yer alıb. Yeganə hücumçu kimi isə ilk "11-liy"ə Namik Ələskərov düşüb.
Görüşün ilk hissəsi qarşılıqlı hücumlar şəraitində keçib. "Olimpiakos"un hücumlarına "Neftçi" layiqincə cavab verməyi bacarıb. Hətta Namik Ələskərov və Emin Mahmudov real qol imkanlarını qaçırıb. Əvəzində yerli komanda 29-cu dəqiqədə adi vəziyyətdən fərqlənməyi bacarıb. Məhəmməd Kamara qapıçı Aqil Məmmədovun irəli çıxdığını görərək, topu ustalıqla onun başı üzərindən tora qovuşdurub.
İlk yarının sonları insidentlərlə yadda qalıb. 40-cı dəqiqədə "Neftçi"nin baş məşqçisi Samir Abasov baş hakim Joau Pinyeyrunun qərarına etiraz etdiyi üçün sarı vərəqə alıb. Bundan sonra Abasovun olduğu skamyanın arxasındakı yunan fanatlar ona söz atmağa başlayıblar. 43 yaşlı mütəxəssis təxribatçı hərəkətlərə cavab verməyi lazım bildikdə azarkeşlər daha da qızışaraq, ona tərəf yeriyiblər. Yalnız baş hakimin müdaxiləsindən sonra ara sakitləşib.
Bununla belə, 43-cü dəqiqədə qol müəllifi Kamara "Neftçi"nin hücumçusu Namik Ələskərova qarşı kobud oynadığı üçün birbaşa qırmızı vərəqə alıb. Ələskərov isə oyuna davam edə bilməyərək, yerini Mirabdulla Abbasova verib. İlk yarını "Olimpiakos"un 1:0 hesabı ilə öndə tamamlayıb.
Fasilədən sonra "ağ-qaralar" say üstünlüyündən yararlanmaq üçün hücumlarını davam etdiriblər. Lakin cəhdlər nəticə verməyib. 63-cü dəqiqədə isə Mert Çelik rəqib futbolçu Oleq Ryabçukun qarşısını sifətinə təpik zərbəsi endirərək kəsdiyi üçün birbaşa qırmızı vərəqə alıb. Nəticədə meydanda hər iki komanda 10 oyunçu ilə qalıb.
Bundan sonra "Olimpiakos" yenidən üstünlüyü ələ alıb. "Neftçi" isə müdafiəyə çəkilərək, əks-hücumlara bel bağlayıb. Futbolçuların yorğunluğu üzündən oyunun tempində eniş də nəzərə çarpıb. Görüşün axırlarında Azərbaycan komandasının heyətində daha iki dəyişiklik baş verib. Sabir Buqrini Ömər Buludov, Emin Mahmudovu isə yeni transfer Romen Bask əvəzləyib. Lakin hesab sonadək dəyişməyib. "Neftçi" minimal hesabla uduzaraq, iyulun 28-də "Bakcell Arena"da keçiriləcək cavab görüşü üçün şanslarını saxlayıb.
---------------------------------
Bu gün "Neftçi" komandası UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxacaq.
Sportnet.az-ın məlumatına görə, Yunanıstanın Pirey şəhərində keçiriləcək görüşdə rəqib "Olimpiakos" olacaq. "Georgios Karaiskakis" stadionunda gerçəkləşəcək qarşılaşmanı portuqaliyalı referi Joao Pinyeyru idarə edəcək.
"Neftçi" Çempionlar Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayıb. "Ağ-qaralar" Gürcüstanın "Dinamo" (Tbilisi) komandasını hər iki oyunda eyni hesabla yenib - 2:1. "Olimpiakos" isə birbaşa bu mərhələdən çıxış etməyə başlayacaq.
Görüşü stadionun ümumi tutumunun 80 faizi qədər - təxminən 26 minədək tamaşaçı izləyə biləcək. Bu, Yunanıstan hökumətinin müvafiq qərarından və 1,5 ildən sonra azarkeşlərin iştirakı ilə ilk görüş olacaq.
Cütün qalibi Çempionlar Liqasının III təsnifat mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə Avropa Liqasının III təsnifat mərhələsində "Malmö" (İsveç) - HİK (Finlandiya) cütünün uduzan tərəfi ilə görüşəcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
21 iyul
23:00. "Olimpiakos" (Yunanıstan) - "Neftçi" (Azərbaycan) - 1:0 (İKİNCİ HİSSƏ)
Qol: Məhəmməd Kamara, 29
Qırmızı vərəqələr: Məhəmməd Kamara, 43 - Mert Çelik, 63
Hakimlər: Joao Pinyeyru, Tyaqu Koşta, Pedru Ribeyru, Qustavo Fernandes Korreya (hamısı Portuqaliya)
Pirey, "Georgios Karaiskakis" stadionu.