Bakıda İsveçrə "Bazel"inə qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin ilk tur oyununda zədələnən "Qarabağ"ın futbolçusu Xayme Romeronun durumuna aydınlıq gəlib.
Klubun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Sportnet.az-a verdiyi məlumata görə, ispaniyalı yarımmüdafiəçi ön çarpaz bağlarından xəsarət alıb.
Abbaszadə 31 yaşlı oyunçunun əməliyyat olunacağını və ən azı 5-6 ay yaşıl meydanlardan kənarda qalacağını söyləyib.
Romero oyunun 45-ci dəqiqəsində ikili mübarizə zamanı zədələnib və fasilədə Marko Veşoviçlə əvəzlənib.
Zədəsi ilə bağlı instaqramda paylaşım edən təcrübəli futbolçu meydana daha güclü qayıdacağını yazıb: "Dünənki oyunda sol dizimdən zədə aldım və əməliyyat olunmalıyam. Həmişə olduğu kimi çox çalışacaq, daha güclü qayıdacağam".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda oynanılmış qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.