"Bu, hər bir futbolçu üçün ən ağır zədələrdən biridir. Sağalması, tam bərpası üçün çox vaxt lazım gəlir. Bəzən hər gün eyni hərəkətləri etmək insanı yorur. Bunun üçün psixoloji cəhətdən də hazır olmalısan".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov klubun rəsmi saytına açıqlamasında deyib.
Təcrübəli müdafiəçi hazırda özünü yaxşı hiss etdiyini bildirib: "Çətin günlər demək olar ki, geridə qalıb. Mən bir dəfə də bu zədədən əziyyət çəkdiyim üçün nə etmək lazım olduğunu bilirəm. Yolun yarısını artıq qət etmişəm. İndi həkim nəzarətində fərdi qaydada bərpa məşqlərini keçirik. Həkimlərimiz noyabrın sonlarında komanda ilə birgə məşq etməyə hazır olacağımı deyirlər".
Hüseynov “Qarabağ”ın uğurlu çıxışını həm UEFA Konfrans Liqasında həm də Azərbaycan Premyer Liqasında davam etdirəcəyinə ümidvar olduğunu söyləyib. Özünə isə o, tezliklə sıraya qayıtmağı arzulayıb.