Azərbaycan milli komandasının və "Qarabağ" klubunun futbolçusu Qara Qarayev Lüksemburq yığması ilə 2022-ci il dünya çempionatının seçmə oyun proqramı üçün müsahibə verib. Sportnet.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi şəxsi mövzuda bir sıra maraqlı məqamlara toxunub...
- Bu, sizinlə ikinci müsahibəmizdir. İlk dəfə həmsöhbət olduğumuz dövrdə torpaqlarımız işğal altında, siz isə qaçqın statusunda idin. Bu gün isə qalib ölkənin vətəndaşısınız. Hansı hissləri keçirirsiniz?
- Şükürlər olsun ki, bu gün dünya arenalarında daha qürurlu dayanırıq. Uzun müddət işğalda olan torpaqlarımızı azad etdik. Xalq olaraq, millət olaraq həm ölkəmizdə, həm də beynəlxalq arenada özünəinamımızı geri qaytardıq. Son damla qanınadək döyüşən, canı-qanı bahasına torpaqlarımızı işğaldan azad edən, bu duyğuları, qüruru bizə yaşadan qəhrəman Azərbaycan əsgərinə borcluyuq. Allahdan şəhidlərimizə rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayıram. Çünki bu torpaqların geri qaytarılmasında ən çox əziyyət çəkən onlar oldu. Bəli, düzgün qeyd etdiniz, artıq qaçqın deyilik, bizim də doğma rayonumuz, torpağımız var.
- Amma bu illər ərzində çox əziyyət çəkdiniz...
- Bir milyondan çox həmvətənimiz qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Müharibə başa çatdıqdan sonra özümə sual verdim ki, qaçqın həyatı yaşamaq bizdən nələr alıb? Normal yaşayış şərtləri, təhsil, maddi vəziyyət, gələcək, xəyallar, arzular və s. Bu siyahını daha da uzatmaq olar. Bu gün bəzi insanlar hələ də bunun travmasını yaşayır. Çünki bəzən həlli müşkül olan problemlər ortaya çıxırdı. Şükürlər olsun ki, bu status üzərimizdən götürüldü. Biz artıq qalib xalqıq, torpaqlarımızı işğaldan azad etmişik.
- Füzuliyə səfər etdiniz. Nələr gördünüz orada? Füzuli sizdə necə təəssürat yaratdı?
- Bəli, Füzuli rayonunun yenidən qurulması üçün təşkil olunan təməlqoyma mərasimində iştirak etdim. Hətta qayıtdıqdan sonra valideynlərimə dedim ki, siz mənə anlatdığınızdan da gözəl, füsunkar təbiətə malik Füzuli gördüm. Bizə danışılanlar gördükərimizdən bir az aşağı idi. Sevinirik ki, biz bu anları yaşadıq. İnanıram ki, ən qısa zamanda dövlətimizin dəstəyi ilə yenidən qurub-yaradacağıq. O torpaqlara həyat qayıdacaq.
“Bu hissləri sözlə ifadə etmək, qələmlə yazmaq mümkün deyil”
- Maraqlıdır, ilk dəfə Füzuli rayonuna qədəm qoyanda hansı hissləri keçirdiniz?
- Həyatımız boyu bir çox hisslər yaşayırıq. Sevinc, kədər, qələbə, məğlubiyyət və s. Amma biz millət olaraq, ilk dəfə torpaqlarımızı geri qaytarmaq hissini yaşadıq. Bunu sözlə ifadə etmək, qələmlə yazmaq mümkün deyil. Füzuliyə ilk dəfə ayaq basanda bir qədər pis təsir etdi. Çünki Füzuli və Ağdamda ermənilər daş üstündə daş qoymamışdılar. Xarabalığı xatırladırdı. Valideynlərimin rayon haqqında bəhs edərkən qeyd etdikləri tikililərdən, binalardan əsər-əlamət qalmamışdı. Bu məqam məni kədərləndirmişdi. Nə yalan deyim, rayonun mərkəzinə daxil olarkən hər hansı bir tikili axtarırdım ki, şəklini çəkim atama göstərim. Təəssüf ki, erməni vandalizmi orada öz işını görmüşdü. Evləri dağıdıblar, bütün infrastrukturu məhv ediblər, bir dənə də salamat bina yox idi. Füzuli rayonunun təməlqoyma mərasimində iştirak etdiyim zaman qürur duydum. O qürur hissi də mənim üçün xüsusi idi. İnanıram ki, ən qısa zamanda dövlətimizin dəstəyi ilə o torpaqlar yenidən canlanacaq.
- Bir qədər də dövlət başçısı ilə görüşünüzdən bəhs edərdiniz. Əlbəttə, mətbuat vasitəsilə məlumat aldıq, görüntüləri izlədik. Amma özünüzdən də eşitmək istərdik...
- Cənab Prezidentlə sonuncu dəfə səhv etmirəmsə, 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağımız münasibətilə bizi qəbul edərkən görüşmüşdük. Füzuli rayonunun təməlqoyma mərasiminə dəvət almağım mənim üçün xoş sürpriz oldu. Fürsətdən istifadə edib xoş münasibətə, bizi daim diqqətdə saxladığına görə cənab Prezident İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Görüş zamanı mənim vasitəmlə “Qarabağ” klubunun üzvlərinə salam göndərdi. Görüşdə iştirak edən dəyərli millər vəkili Aqil Abbas həmin gün oyunumun olduğunu bildirdi. Prezident də oyuna çatıb-çatmayacağımı soruşdu. Zarafatla dedi ki, sənin çatmağın üçün oyunu gec başlayarlar. Aramızda belə kiçik və maraqlı dialoq yaşandı.
“Bugünədək etdiyim hərəkətləri doğru bildiyim üçün etmişəm”
- Heç kimin bilmədiyi hər hansı bir istedadınız varmı?
- Hər hansı bir istedadım olmasa da, etiraf edim ki, bacarmadığım iş yoxdur. Hansı işi tapşırsalar, bacarıram. Bir vaxtlar atamın təkidi ilə piano təhsili almışam. Futbola başladıqdan sonra musiqidən uzaqlaşdım, inkişaf etdirmədim. Nə yalan deyim, pianoya marağım olmayıb. Çünki futbol sevgisi daha üstün idi.
- Daha əvvəl dediyin hər hansı bir sözə və ya hərəkətə görə utandığınız an olubmu?
- Bəli, olub. Kaş olmayaydı, kaş etməyəydim. Səhvsiz insan olmur. Sadəcə, xətadan sonrakı davranış, qarşındakı insanın könlünü almaq, bunun istəməyərək olduğunu izah etmək lazımdır.
- Heç vaxt etmərəm deyib, amma sonradan etdiyiniz nəsə olubmu?
- Mən bu məsələyə bir qədər fərqli yanaşıram. Həyatda böyük danışmaq olmaz. Çünki bu gün etmərəm dediyin şey sabah sənin üçün vacib ola bilər və məcbur qalıb edərsən. Ona görə bu söz müəyyən vaxtlarda, müəyyən situasiyalarda öz mənasını itirir. Hər kəs istər məcburiyyətdən, istərsə də tələblərdən irəli gələrək etmərəm dediyi şeyi edə bilər.
- Heç belə bir məcburiyyət qarşısında qalmısınızmı?
- Bugünədək etdiyim hərəkətləri doğru bildiyim üçün etmişəm. Ona görə də çalışıram heç vaxt “etmərəm” sözü deməyim. Çünki hər dəqiqənin, hər anın tələbləri fərqlidir.
“Açılan hər bir səhər yeni bir ümid, yeni bir başlanğıcdır”
- Heç ümidsizliyə qapıldığınız an olubmu?
- Ümidsiz olduğum anlar sadəcə, gecəyədək davam edir. Çünki açılan hər səhər yeni bir ümid, yeni bir başlanğıcdır.
- Həyatda nələrisə dəyişmək imkanın olsaydı, nələri dəyişərdiniz?
- İstəyirəm ki, insana zərər verən bütün silahlar, müharibə ləvazimatları məhv edilsin, irqin, rəngin fərqi olmasın, müharibələr bitsin, uşaqlar daha yaxşı gələcəyə sahib olsunlar. Bəşəriyyət üçün böyük təhlükə olan bəzi şeylərin gerçəkləşmə ehtimalının olması məni narahat edir.
- 10 il əvvəlki Qara ilə indiki Qara arasında nə fərq var?
- Çox istərdim ki, indiki ağlım 10 əvvəlki Qarada olardı. Ovaxtkı ağılla, düşüncə ilə bu gün tam fərqli Qara olardım. Sözün həqiqə mənasında böyümüşəm, 10 il ərzində yaxşı nailiyyətlər qazanmışam. Bu illəri hədər keçirmədiyimi düşünürəm. Gördüyümüz işlə nəyəsə nail olmağa çalışmışıq. Həm mənəvi, həm də fiziki cəhətdən böyüdüyümü düşünürəm.
- Karyeranızı tamamladıqdan sonra özünüzü hansı sektorda görürsünüz?
- Özümü başqa sahədə görmürəm. Açığı, bu barədə fikirləşməmişəm. Sabah nə olacağını heç kim deyə bilməz. Uzun illərdir Azərbaycan futboluna xidmət edirəm, milli komandanın üzvüyəm, müəyyən təcrübəm var. Karyeramı başa vurduqdan sonra qazandığım təcrübəni, bilikləri gənc nəsillərə ötürmək istəyirəm. Hətta nə vaxtsa, başqa sahədə olsam belə, çalışacağam ki, futbolda qazandığımı gənc nəsillərə öyrədim.
- Futbolçu həyatı elədir ki, daim müxtəlif ölkələrdə səfərdə olursan. İndiyədək dünyanın neçə ölkəsində olmusunuz?
- Sayı dəqiq deyə bilmərəm. Belə demək mümkünsə, Avropanın 95 faiz ölkəsində olmuşam.
- Gəzmək imkanınız olurmu? Ən bəyəndiyiniz ölkə və ya şəhər varmı?
- Birmənalı olaraq, Madridi qeyd edərdim. İspaniya paytaxtı mənə qeyri-adi, xoş təsir bağışlamışdı.