"Ötən il olduğu kimi, rəqibimiz yenə də "Zaqatala" idi. Ötən ildə də bizə çətin anlar yaşatmışdılar. Bu gün də meydanda bərabər mübarizə izlədik".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Zaqatala"ya 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu barədə danışarkən deyib.
40 yaşlı mütəxəssis futbolçuların bəzi epizodlarda yorğunluqla əlaqədar oyundan qopduqlarını bildirib: "Qələbə münasibəti ilə futbolçuları təbrik edirəm. Nəticədən razı olsam da, oyundan narazıyam. İstədiyimiz oyunu sərgiləyə bilmədik. Bizim üçün çətin qarşılaşma oldu. İstəkli komandaya qarşı mübarizə apardıq. Önəmli olan qələbə qazanmaqdır. Hər səhv bizə baha-başa gələ bilərdi. Bir gün əvvəl məşq də etməmişik. Bunlar futbolçular üçün çətin olub. Artıq "Sabah"la çempionat görüşünə hazırlaşacağıq. İli qələbə ilə başa vurmaq istəyirik. Zaqatalaya bir gün əvvəl gəlmişik və uzun yol qət etmişik".
Hacıyev ilk yarıda əzələsindən xəsarət alan Nikolas Rayselin meydandan çıxmasının oyunlarına təsir etdiyini söyləyib: "Zaqatala"ya uğurlar arzulayıram. Bu komanda Premyer Liqada oynamağa layiqdir. İnanıram ki, bölgələrə futbol həyəcanı yenidən qayıdacaq".
Baş məşqçi 1/4 finalda üz-üzə gələcəkləri "Zirə"nin son vaxtlar formada olduğunu da vurğulayıb.