
Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən (Şuşa istisna olmaqla) ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda tikiləcək stadionun tamaşaçı tutumu ilə bağlı açıqlamasına aydınlıq gətirib.
Sportnet.az-ın məlumatına görə, Sportnet.az-ın baş redaktoru Elşən Məmmədovun feysbuk statusuna şərh yazan E.Hüseynov stadionun tutumu ilə bağlı 30 min rəqəmini söyləmədiyini qeyd edib.
“Məlumat üçün deyim ki, mən, Emin Hüseynov 30 min nəfərlik stadion tutumu ilə bağlı rəqəmi açıqlamamışam. “AZƏRTAC”ın müxbiri yanlış anlayıb. Onun nəzərinə çatdırdıqdan sonra yanlışlığı özü düzəldib. 15 min nəfərlik tutumu olan stadion nəzərdə tutulur. Bu, bütün beynəlxalq standartlara cavab verən həcmdir. Şəhərsalma standartlarına da tam uyğundur" deyən xüsusi nümayəndə əlavə edib: "Bir də qeyd etmək istəyirəm ki, heç kimdən gözükölgəliyim yoxdur və kommunikasiyaya tam açıq adamam. Görürsünüz, özüm sizə cavab yazıram. Nə qədər belə məmur tanıyırsınız? Əgər gələcəkdə də hər hansı sualınız olsa, buyurub verə bilərsiniz”.