Dekabrda “Araz-Naxçıvan”dan ayrılıb Qazaxıstanın “Bayterek” klubuna keçən Hadi Ahmadi millinin toplanışı ilə əlaqədar Bakıya dönüb. Sportnet.az hücumçunun azfutzal.az-a müsahibəsini təqdim edir...
- “Bayterek”də işləriniz necə gedir: Yeni klubunuza adaptasiya olmusunuz?
- Əlbəttə, bir ölkədən digərinə yollanmaq, fərqli şəraitə, sistemə uyğunlaşmaq asan deyil. Üstəlik, Qazaxıstanın çox soyuq olduğunu da unutmaq olmaz. Bakıda belə sərt soyuq olmur. “Bayterek”də ilk oyunum “Kayrat”a qarşı oldu. Cəmi 2 gün idi komandaya qoşulmuşdum. İlk matçda uduzsaq da, ikinci görüşdə qələbə qazandıq. Debüt etdiyim oyunda həm qol vurdum, həm də qol ötürməsi verdim. Ukraynalı baş məşqçimiz millinin heyətindəki oyunlarımı görmüşdü deyə, meydana buraxmaqda tərəddüd etmədi. Bu cür uğurlu start adaptasiya işini bir qədər yüngülləşdirdi. Tədricən uyğunlaşmağa çalışdım. Onu da qeyd edim ki, hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşsaq da, ilk “3-lük”dəki komandaların hamısına qalib gəlmişik.
- Klubunuzun şəraiti necədir?
- Yaxşıdır. Kluba məxsus oyun, fitness zalları var. Məşqlərimizi də, ev oyunlarımızı da həmin zalda keçirik. Azarkeşlər də oyunlarımızı mütəmadi izləyir. Maraq daha çoxdur. Pandemiyaya rəğmən, hər görüşdə bizi yalnız buraxmırlar. Komandada 3 iranlı futzalçının olması da mənə kömək oldu. Həm oyun stilimiz bir-birinə bənzəyir, həm də ünsiyyət qurmaq işim asan olur. Biz iranlılar bir “dördlük”də yer alırıq.
- “Bayterek” 6-cı pillədədir. Mükafatçılar sırasına düşmə ehtimalı varmı?
- Çempionat pley-off sistemi ilə keçirilir. 9 komandadan 8-i pley-off-da iştirak edəcək. Bizim də bu mərhələyə düşmə şansımız yüksəkdir. Transfer dövründə heyətə yeni futzalçılar qoşulacaq. Ola bilsin, yenilər iranlılar olsun.
- Müqaviləniz nə vaxt başa çatacaq?
- Hazırkı anlaşmam mövsümün sonuna qədərdir. Ancaq təklif olsa, karyeramı orada davam etdirməyi düşünürəm. Hər şey məni qane edir.
- Bizim futzalçılardan kimləri xəbər alırdılar?
- Emin Kürdovu, Xətai Bağırovu, Ramiz Çovdarovu soruşurdular. Onlar müxtəlif vaxtlarda orada oynayıblar, turnirlərdə iştirak ediblər.
- Millinin toplanışı ilə əlaqədar Bakıdasınız. Ukrayna ilə oyunları izləmisiniz?
- İzlədim. Milli özünə bənzəmədi. Məncə, komanda yoldaşlarım baş məşqçinin dediklərini icra edə bilmədilər. Həm də ölkə xaricində çıxış edən futzalçıların taktiki planda “axsadıqları”nı gördüm. Ola bilsin, az məşq ediblər və buna görə baş məşqçi Joze Alesio Da Silvanın istədiklərini icra edə bilməyiblər. Həm də bu yoldaşlıq oyunları idi. Məqsəd komandanın durumunu görmək, zəif tərəflərini müəyyənləşdirmək idi. Baş məşqçi final mərhələsinə qədər yəqin ki, aşkarladığı səhvləri, çatışmazlıqları yoluna qoyacaq.
- Qalan vaxt kifayət edəcək?
- Hər şey özümüzdən asılıdır. Ürəklə məşq etsək, canımızı meydanda qoysaq, nəticə də yaxşı olacaq. Heç vaxt gec deyil.
- Final mərhələsində hansı qarşılaşmanı “kilid oyun” hesab edirsən?
- Gürcüstanla oyunu qeyd edərdim. Bu matçda qələbə qazansaq, ikinci yeri tuta bilərik. Qrupun aşkar favoriti İspaniyadır, amma biz onlara da təslim olmaq haqda düşünmürük. Əlbəttə, Bosniya və Herseqovina da zəif komanda deyil. Maraqlı final mərhələsi olacaq.