“Çox çətin oyun oldu".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Eduardo Borges Gürcüstana 2:3 hesabı ilə uduzduqları Avropa çempionatının qrup mərhələsinin ilk tur oyunundan sonra azfutzal.az-a açıqlamasında deyib.
Braziliyalı legioner matça təmkinli başladıqlarını bildirib: "Tədricən üstünlüyü ələ aldıq. Hətta iki qol vurduq və fasiləyə hesabda üstün yollandıq. Təəssüf ki, ikinci hissədə bunun davamını gətirə bilmədik. Əksinə, səhvlərə yol verdik. Futzalda kiçik detallar həlledici olur. Bəsit səhv görüşün taleyini həll edir. Biz də hesabı qoruya bilmədik, səhvlərə yol verdik. Bu həm fiziki baxımdan, həm də taktiki səhvlərə yol verməyimizin nəticəsidir.
Baş məşqçi sakit oynamağımızı istədi. Həmin vaxt hesabda üstün idik. Sonra isə toparlana bilmədik".
Borges İspaniya ilə Bosniya və Herseqovinaya qarşı keçirəcəkləri növbəti qarşılaşmalardan gözləntilərini də açıqlayıb: "Müharibə davam edir. Şanslar qalır. Qarşıda iki oyunumuz var. İki il əvvəl də bu cür vəziyyətlə üzləşmişdik. Xorvatiyaya uduzduq, sonra Rusiya millisini yendik. Bilmək olmaz, bəlkə bu dəfə də həmin ssenari təkrarlanacaq. Başa düşürəm, İspaniya güclü rəqibdir. Amma biz də lazım olan nəticəni qazanmalıyıq”.