"Təəssüf ki, artıq AFFA ilə heç bir əlaqəm yoxdur. Hazırda Bakıdakı məktəblərdən birində idman müəllimi işləyirəm".
Bu fikirləri Sportnet.az-a açıqlamasında Azərbaycanın keçmiş FIFA referisi Rəhim Həsənov karyerasını başa vurmasının səbəbi barədə danışarkən deyib.
O bildirib ki, Frits Ştuxlikin gəlişindən sonra AFFA Hakimlər Komitəsində təcrübəli hakimlərə qarşı ab-hava çox dəyişib: "İnsana dəyər verilməyən yerdə qalıb işləmək olmaz. Bu, özünə hörmətsizlik kimi qiymətləndirilir".
Həsənovun sözlərinə görə, karyerasını bitirsə də, beynəlxalq hakim statusu daşıyır: "Səkkiz il FIFA referisi olmuşam. Ona görə də beynəlxalq status ömrünün sonuna kimi məndə qalacaq. FIFA dərəcəli hakimlər karyeralarını bitirdikdən sonra avtomatik bu statusa yiyələnir".