Bakıdakı hazırlığını başa vuran "Zirə" təlim-məşq toplanışının 2-ci mərhələsi üçün Türkiyənin Bolu şəhərinə yola düşüb.
Klubdan Sportnet.az-a verilən məlumata görə, "qartallar" 2 həftəlik toplanış dövründə 2 yoxlama oyunu keçirəcək. Artıq rəqiblərdən biri bəllidir. Paytaxt təmsilçisi Rumıniyanın I Liqasında çıxış edən "Hermanştadt" klubu ilə qarşılaşacaq. Görüşün vaxtı və yeri hələlik bilinmir.
İyulun 7-də Bakıya dönəcək "Zirə" İsrailin "Makkabi" (Təl-Əviv) komandasına qarşı UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunlarına hazırlığın son mərhələsini burada keçirəcək.
Qeyd edək ki, "Zirə" və "Makkabi" arasında ilk görüş iyulun 21-də Bakıda "Dalğa Arena"da oynanılacaq. Qarşılaşma saat 20:00-da start götürəcək. İyulun 28-də Təl-Əvivdəki "Blumfild" stadionunda təşkil olunacaq oyun isə Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.