"Qarabağ" klubun ilk təsisçilərindən Adil Nadirovun oğlu Sənan Nadirovun Ağdam təmsilçisinin səhmlərinin satışa çıxarmasına münasibət bildirib.
"Köhlən atlar"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Sportnet.az-a açıqlqamasında "Qarabağ Futbol Klubu" MMC-nin Nadirova məxsus təsisçi payına 300 000 min avro qiymət qoyulmasının real olmadığını söyləyib.
Onun sözlərinə görə, klub bu gün "Azərsun Holdinq"in hesabına ayaqda qalır: "Əvvəla, Adil müəllimə Allahdan rəhmət diləyirəm. "Qarabağ"ın ayaqda qalması üçün əziyyəti çox olub. Klubumuzun bu yerlərə gəlməsində şübhəsiz ki, onun də çox böyük payı var. Ən çətin vəziyyətində "Qarabağ"ı sahiblənib. “Qarabağ”ın səhmlərinin satışa çıxarılması müzakirə olunur. Təəssüf ki, heç kim Sənan Nadirova düşən payın neçə faiz olduğunu soruşmur. Heç kim də məhz bu məsələni müzakirə etmir.
Nəzərinizə çatdırım ki, A.Nadirovun səhmləri iki qardaş arasında bölünüb. Bu isə 0,01 faiz idi. Bu hissə də iki yerə bölünüb. Yəni, S.Nadirovun payı 0.005-di. İndi təsəvvür edin ki, bu səhmlərin real dəyəri nə qədərdir? Bəli, bildiyim qədəri ilə bizə də səhmlərin alınması təklif olunub. Amma real qiymət məsələsi var.
Düzdür, klubumuz avrokuboklarda iştirak edir, buradan qazanır. Amma bu, mənfəət deyil. Yəni, qazanc əldə etməyən klubun səhmlərinin deyilən qiymətə olması heç də real deyil. Sənan bəyə uğurlar arzu edirəm. Amma reallığı da nəzərə almaq lazımdır".
Abbaszadə A.Nadirovun “Qarabağ”ı sevən insan olduğunu bildirib: "Azərsun" rəhbərliyi komandaya başçılıq etməyə başlayanda onun heç bir istəyi olmayıb. “Təki, komanda yaxşı olsun, “Qarabağ” üçün uğurlu olsun” deyə düşünüb. Onun üçün sevdiyi “Qarabağ”ın uğurlu olması hər şeydən üstün idi".