"Xalq komandası" "Neftçi"yə ümidlər böyük idi. Axı, onlar UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündə Kipr "Aris"ini "doğma divarlar" arasında 3:0 (ümumi hesab 3:2) hesabı ilə üstələyərək, Avstriya "Rapid"inə rəqib olmuşdular. Məhz bu geridönüş "Neftçi"yə, Azərbaycan futboluna stimul idi.
Bir həftə öncə UEFA Konfrans Liqasının III təsnifat mərhələsinun ilk oyunu Bakıda - "Vosmoy" uşaqların kompakt yaşadığı yerdə, "Bakcell Arena"da baş tutdu. Oyuna sürətli hücumlarla başlayan "Neftçi" rəqibi elə şoka saldı ki, hücumlarının sürətinə özləri də məəttəl qalmışdı. Bunun nümunəsi idi ki, oyunda yaranan qol vəziyyətləri sağa-sola xərclənirdi. Həmin oyunda bürkü də "ağ-qaralar"ın oyununa mane olmadı. Mane olan əsas səbəblər intellekt, fiziki göstərici və ehtiyat oyunçuların yoxluğu idi...
Bilmirəm ki, bu Mamadu Mbocun "day-day"ı var, yoxsa gözlə görünməz gücü. Amma nəyisə var ki, məşqçilər ondan əl çəkmək istəmir. "Rapid"lə ilk oyunun 90+2-ci dəqiqəsində lazımsız anda yerə yıxılıb, öz aləmində vaxt qazanan Mbocun sayəsində, ikinci hissədə meydana çıxan kimi stadionu bulvarla səhv Rəhman Hacıyevin "dəstəy"i və sona 10 saniyə qalmış "Neftçi"nin mərkəz müdafiəçilərinin mövqelərinin itirməsi nəticəsində qol buraxıb 2:1 qalıb geldik. O qol ki, 1 həftə sonra bizi Avropa meydanlarına vida etməyə məcbur edəcəkdi...
Gələk ehtiyat qüvvəyə... Düzdür, Klaudiu Regekampf israrla deyir ki, ehtiyat oyunçularım var. Hətta o qədər əmin şəkildə deyir ki, elə bilirəm Zlatan İbrahimoviç, Marselo, klubsuz qalan Kriştianu Ronaldu da ehtiyat oyunçular skamiyasında əyləşib şans gözləyirlər...
Reallıq isə bunun əksini göstərdi, "Şamaxı" ilə Şirvanşahlar diyarında Regekampf ehtiyat arsenalını meydana buraxsa da, oyundaki yeganə qolu rəqib qapıçının seyfindən vuran elə komandamın kapitanı Emin Mahmudov oldu...
Ehtiyatsız ehtiyyat qüvvəni də götürüb birbaş yollandılar Vyanaya. Oyundan bir gün öncə yola düşən komandanın həyəcanı göylərdə uçurdu. Komandada özünəinam yox dərəcəsində idi. Düzü, bu məsələ 1 ay əvvəldən var idi, bu başqa mövzu...
Vyanada meydana çıxan futbolçuların bir həftə əvvəlki həvəsi, əzmkarlığı və ruhundan əsər-əlamət qalmamışdı. Oyunun ilk dəqiqələrindən meydanda özünü tapmayan "Neftçi" futbolçularının taleyi müəmmalı qalırdı. Əlinə düşən imkanları rəqibə hədiyyə verir, hücuma çıxmır və ya çıxa bilmir, arxa xətt isə rəqibə "xoş gəldin" deyirdi.
Komandanın əsas qvardiyasının əsgərləri döyüşə hazır deyildi. Qapıçı İvan Brikiç əvvəlki oyunlarda göstərdiyi performansı unutmuşdu, Mboc yenə öz ampluasında idisə, Kenni Sayef "çərçivə"ni itirirdi. Qodsvey Donyo isə sən demə, ofsaydın nə olduğunu bilmirmiş. Hücumçu oyundankənar vəziyyəti ayırd edə bilmirdi. Belə əsgərlərlə 67 dəqiqə dözən "Neftçi" oyunu mecburən uzatma hissələrə apardı. Oyunçu kasadlığından, əvəzetməni yubiley 100-cü dəqiqədə etdi. Sayefin yerinə meydana daxil olan Azər Əliyev oyunda ciddi heç nə ilə yadda qalmadı. Daha sonra meydana Ömər Buludov, Gilyerme Pato, Fərid Yusifli və Rəhman Hacıyev daxil olsa da, onlar tablodakı 2:0 hesabını öz xeyirlərinə dəyişə bilmədi. Əksinə, yerli futbolçularının nə qədər səriştəsiz olduqları üzə çıxdı.
Beləcə 120 dəqiqəlik "Rapid" hegemonluğu ilə keçən qarşılaşmada meydan sahibləri 2:0 hesabına sevinərək, növbəti mərhələyə yüksəldilər. Məğlubiyyət isə "Neftçi" azarkeşlərinin yuxusuna haram qatdı.
Gələn həftə "Rapid" İsveçrəyə, "Neftçi" isə Masazıra gedir. Beləliklə daha bir avrokubok mövsümünü cəmi bir tur keçməklə başa vuran "xalq komandası" doğma Azərbaycan Premyer Liqasına qayıtdı. Bəs görəsən, bu uğursuzluğa görə xalq qarşısında kim cavab verəcək?
Bu arada, "Neftçi" heç səfər komandanı deyilmiş, "Aris" və "Rapid" səfəri bunu deməyə imkan verir.
Səfərliyi olmayan "Neftçi"...
Ağa DADAŞZADƏ