"Viktoriya" psixoloji cəhətdən çox güclü olduğunu göstərdi. Oyun baxımından yaxşı olmasalar da, iradə hesabına oyunda qalib gəldilər və layiqli şəkildə mərhələ adladılar".
Sportnet.az-ın məlumatına görə, bunu Çexiyanın "Slaviya" klubunun sabiq hücumçusu Ludek Zelenka deyib.
48 yaşlı futbol veteranı iSport.cz saytının TV studiyasında çıxışı zamanı "Viktoriya"nın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ"ı 2:1 məğlub edərək qrupa adlamasını şərh edib: "Viktoriya" elə bir mərhələyə çatıb ki, həqiqətən əqli cəhətdən güclüdür. Hesabda geridə olsa da, fasilədən sonra "Viktoriya"nın dizləri titrəmədi... Əksinə, bu komanda hiss edirdi ki, stadionun dolu olmasına və böyük gözləntilərə baxmayaraq, itirəcək heç nəyi yoxdur".
Zelenka bildirib ki, sönük təsir bağışlayan Yan Sikoranın hücumçu Yan Klimentlə əvəzlənməsi doğru qərar olub. Nəticədə futbolçu 73-cü dəqiqədə Yon Moskeranın məhsuldar ötürməsi ilə qələbə topunu vurub: "Mən burada Moskeranı ayırd edərdim. Bu qolda onun fikri həlledici oldu. O bilirdi ki, rəqib müdafiəçi Klimentdən geridədir və haradasa orada olacaq. Moskera Klimentə ilk dəfədən ideal ötürmə verdi".
Zelenka Çempionlar Liqasında "Viktoriya"nın bu mövsüm məğlubedilməz olmasını baş məşqçi Mixal Bilek faktoru ilə əlaqələndirib: "Rəhbərlik ona güvənir, nəticələr gələndə isə ona daha çox inanırlar. O, uğur qazanmağın yollarını axtarır və bunda inadkardır. Oyunçu özü də buna inanmalıdır. 90% buna inanmasa, heç vaxt komanda işi alınmayacaq... "Viktoriya"nın kürsüyə qoyub böyük pula sata biləcəyi oyunçuları yoxdur. Onlar komanda kimi yaxşıdırlar. Bir sözlə desəm, nələri varsa, onunla oynayırlar. Onlar çempion olanda bunun Çexiya futbolu üçün yaxşı olub-olmaması haqda danışılırdı, çünki qrupa şansları çox görünmürdü. Amma indi bunu ediblər. Bu, sadəcə nağıldır".
O, "Viktoriya"nın "çərçivə"yə ilk zərbədən qol vurmasına da münasibət bildirib. Həmçinin, Zelenka "Viktoriya"nı əvvəl 3 dəfə Çempionlar Liqasına çıxartmış Pavel Vrbanın komandası ilə indikini müqayisə edib: "Tarix bir də heç vaxt bu statistikaya toxunmayacaq (gülür). Futbol və ulduzlar baxımından yanaşsam, mənim üçün həmin "Viktoriya"lardan Pavel Horvatın kapitanı olduğu komanda yaxşıdır".
Qeyd edək ki, "Viktoriya" Bakıda qolsuz heç-heçə etdiyi "Qarabağ"ı cavab görüşündəki əzmkar qələbə sayəsində üstələyərək, Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. Azərbaycan klubu isə mübarizəni Avropa Liqasında davam etdirəcək.
Ludek Zelenka 2000/2001 mövsümünün Çempionlar Liqasının II təsnifat mərhələsinin Praqada keçirilmiş ilk oyununda "Slaviya" forması ilə 38-ci dəqiqədə "Şəmkir"ə qol vuraraq, komandasına qələbə qazandırıb.