
"Parlaq oyunun şahidi olduq. Hər bir komanda hücum futbolu sərgilədi, yüksək pressinqdən yararlandı".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah" komandasının baş məşqçisi Murad Musayev evdə "Kəpəz"ə 5:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis öz komandası ilə yanaşı, rəqibin də çıxışından razılıq ifadə edib: "Bir sıra qol vəziyyətləri yaratmaqdan, müdafiədə intizamlı çıxış etməyimizdən və vacib qələbəmizdən məmnunam. Rəqibi də ayrıca qeyd etmək istərdim. Bütün heyətlə müdafiəyə çəkilmədilər, oyunu ləngitmədilər, qapıçılarında qıcolma baş vermədi. Əksinə, cürətli və açıq futbol oynadılar. Belə davam etsələr, daha da güclü olacaqlar".
Musayev ilk dövrədə "Sabah"ın turnir cədvəli baxımından mövqeyini 5 ballıq şkala ilə ən yüksək qiymətə layiq görüb. Lakin o, oyun keyfiyyəti baxımından, hələ görüləsi işlərinin olduğunu diqqətə çatdırıb: "Hər bir fazada biz güclü, mütəşəkkil, daha yaxşı olmalıyıq. Bu səbəbdən, hazırda ən yaxşısı, turnir cədvəlinə boylanmaq yox, sadəcə, hər gün səylə çalışmaq, oyundan-oyuna irəliləmək lazımdır".
"Sabah"ın baş məşqçisi Azərbaycan millisinin sükanı arxasına keçməyə namizəd göstərilməsinə isə belə reaksiya verib: "Bildiyim qədərilə Canni De Byazi ilə müqavilə yenilənib. Ona görə də hazırda bu mövzunu müzakirə etmək düzgün deyil. Azarkeşlər belə deyirlərsə, bu, mənə çox xoşdur. Bütüm fikirlərim "Sabah"la bağlıdır, bu komandanı daha yaxşı etməyi düşünürəm".