"Neftçi"nin futbolçusu İmad Farajın Azərbaycan Premyer Liqasının XXVII turunda "Araz-Naxçıvanı" evdə 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra Sportnet.az saytına müsahibəsi:
- Oyun haqqında təəssüratlarınız necədir?
- İlk hissə bizim üçün çox yaxşı keçdi. Məncə, biz 3 və ya 4 topla da qalib gələ bilərdik. Hesab 2:1 olandan sonra oyunun sonlarında bir az stres yaşadıq. Amma bu oyunda qalib gəldiyimiz üçün xoşbəxtik.
- Hesabda daha böyük fərqlə önə keçmək üçün bir çox şansınız oldu, lakin bu imkanlardan istifadə etmədiniz...
- Bəli, dediyim kimi, ilk hissədə bəlkə də 3:0 və ya 4:0 etməli idik. Amma hər halda xoşbəxtik, bu oyunda qalib gəldik. İndi isə növbəti matçımız - "Zirə" ilə oyun çox vacibdir və həmin görüşdə də qalib gəlməliyik.
- Bu ay sizin üçün iki vacib oyun var. Biri "Zirə"yə, digəri isə "Sabah"a qarşıdır. Bu görüşlər sizin avrokubok yarışlarındakı şansınızı dəqiqləşdirə bilər...
- Bəli, çünki hazırda avrokuboklara çox yaxınıq. Xatırlayıram ki, iki ay əvvəl hər kəs "Neftçi" Avropaya gedə bilməz" deyirdi, amma biz buna inandıq. Öncədən də dediyim kimi, biz hər matçda qalib gəlmək istəyirik. Ona görə də rəqib istər "Zirə", istərsə də "Sabah" olsun, bütün oyunlarda qalib gəlməliyik.
- Həmçinin "Qarabağ"a qarşı da iki oyununuz var, bu vəziyyət haqqında nə düşünürsünüz?
- Düşünürəm ki, bu iki oyun çox vacibdir, çünki hazırda bir matçımız əskikdir. Ona görə də bu oyunlarda da qalib gəlməliyik. Ən azından bir xal almalı, amma uduzmamalıyıq.
- Samir Abasovun gedişindən sonra komandanın ümumi oyunu dəyişdi, daha yaxşı oynamağa başladınız, qələbə göstəriciniz artdı və sizin fərdi performansınız da yüksəldi. Bunun səbəbi nə idi, əsl dəyişiklik nə ilə bağlı idi ki, belə performans göstərməyə başladınız?
- Bilmirəm, bunu sizə deyə bilmərəm, çünki hər iki baş məşqçi çox yaxşıdır. Bilmirəm, yeni baş məşqçi gəldi, bəlkə bir təravət gətirdi, buna görə ola bilər. Amma Abasov da yaxşı baş məşqçi idi. Niyə belə olduğunu bilmirəm, bu futboldur.
Mikayıl HACIYEV












































































