Azərbaycan Respublikası Atçılıq Federasiyasının təqvim planına əsasən aprel ayının 14-15-i aralığında konkur üzrə “Bahar”Kuboku turniri keçiriləcək.
Sportnet.az-ın federasiyadan verdiyi məlumata görə, Novxanı qəsəbəsindəki “Sərhədçi” Atçılıq Mərkəzində təşkil olunacaq yarışda qələbə uğrunda “Omar”, “Sərhədçi”, “Murad” və “Elite” klublarını, həmçinin Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edən 20-dən artıq iştirakçı mübarizə aparacaq.
İdmançılar 3 kateqoriyada: hündürlüyü 90 sm (A kateqoriyası), 115 sm (L kateqoriyası) və 125 sm (M* kateqoriyası) olan maneələrin dəf olunmasında yarışacaqlar.
Turnirin yekununa görə hər nominasiyada ilk 5 yeri tutacaq iştirakçılara mükafatlar təqdim olunacaq.


















































































