"Neftçi"nin baş məşqçisi Yuri Vernidub evdə "Araz-Naxçıvan"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra mətbuat konfransı keçirib.
Sportnet.az-ın məlumatına görə, ukraynalı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
- İlk yarıda komandamızın performansı həqiqətən də çox gözəl idi. Bizim həddən artıq fürsətlərimiz var idi. Ən azı 6-7 qol epizodundan yararlana bilmədik. İkinci hissənin əvvəlləri də pis olmadı. 60-cı dəqiqəyədək yaxşı oynadıq, hətta ikinci topu vurduq. Düşünürəm ki, ondan sonra böyük rolu psixologiya oynadı. Hesab 2:0 olduqdan sonra futbolçularımız yavaşıdılar. Halbuki 60-cı dəqiqəyədək rəqibə pressinq edirdik. Bu müddətədək qapımız qarşısında cəmi bir təhlükəli vəziyyət olmuşdu. 4-cü dəqiqədə baş verən epizodda qapıçımız Kenan Piriç bizi xilas etdi. Amma o epizodadək iki dəfə biz fərqlənə bilərdik. Futbolda belə şeylər olur. Ona görə də biz daha çox işləməli, oyunçuların fiziki durumlarının daha da yaxşı olmasına çalışmalıyıq. Mən də bir baş məşqçi kimi bunları təhlil edərək, addımlar atmalıyam.
- Emin Mahmudovun qayıdışı barədə nə deyə bilərsiniz?
- Sevinirəm ki, kapitanımız geri döndü. Necə deyərlər, komandaya möhkəm dayaq olan şəxsdir. Çünki bu cür zədə ilə belə oynayır, bizim üçün açar fiqurdur. Ümidvaram ki, onda hər şey yaxşı olacaq.
- Komandanız yavaş-yavaş avrokubok astanasına yetişib. Artıq üzərinizdə təzyiq hiss edirsinizmi?
- Mən təzyiq hiss etmirəm, amma görürəm ki, dərəcə get-gedə artır. Əsas odur ki, oyunçular bunu hiss etsinlər və dərəcəni saxlasınlar. Çünki bundan sonrakı oyunlar kubok finalı kimidir. Ona görə də xallarımızı qazanmaqda davam etməliyik. Bu ay ərzində oynayacağımız rəqiblər - "Zirə" və "Qarabağ" da eyni şeyləri istəyirlər. Ona görə bu oyunlardan çox şey asılı olacaq. Uşaqlar da bunu başa düşürlər. Hər bir rəqibə hörmətlə yanaşırıq. Hər şeyi oyunlar göstərəcək, çıxıb oynayacağıq.
- Vensan Abubakarın sizin gəlişinizdən sonra start heyətdə yer almaması gələn mövsümdən planlarınıza daxil olmadığı anlamına gəlirmi?
- Bəzən mətbuatı oxuyanda gülürəm. Çünki elə şeylər var ki, onlar barədə heç nə deməmişəm və demək də istəmirəm. Abubakar komanda oyunçusudur, "Neftçi"yə məxsusdur. Gözəl bilirsiniz ki, zədəsi olmuşdu, 3 həftə məşqlərə qatılmırdı. Həftənin 5 günü ərzində məşq etməklə əvvəlki fiziki vəziyyəti qaytarmaq mümkün deyil. Eyni sözlər Bassala Sambuya da aiddir. O da məşqlərə başlayıb, amma hələlik fərdi çalışır. Sambunun bərpasına 2-3 həftə vaxt lazımdır. Hər şey yaxşı getsə, "Qarabağ"la ikinci oyunumuzadək çatdırmaq olar. Eyni məsələ də Andrey Ştoqrinə aiddir. Dünən zəhərlənib. Hətta 23-lükdə adı da yox idi.
- Bassala Sambu da geri qayıtdıqdan sonra ola bilər ki, 9 nömrəsiz oynamağa davam etsin? Çünki komanda hücumda daha rəngarəng görünür...
- Gözləyək, görək o nə vaxt qayıdır. Ondan sonra düşünüb,təhlil edərik.
- Ukrayna mətbuatında millinin baş məşqçi postuna namizədlər arasında göstərilirsiz. Bu doğrudur?
- Son aylarda Ukraynadan heç bir jurnalistlə danışmamışam. Nə yazırlarsa, mənimlə əlaqəsi yoxdur. Yazırlar ki, Kənan Piriç qol buraxdıqdan sonra Vernidub onunla yollarını ayırmaq istəyir. Necə bunu yazmaq olar? Qol da buraxacaq, seyv də edəcək. Belə çıxır ki, buraxılan qoldan sonra hər qapıçı ilə yolları ayırmaq lazımdır? Elə suallarınız olarsa, mətbuat xidməti ilə danışa bilərsiz, mən də müsahibəyə hər zaman hazıram. Ən azından orada doğrunu deyəcəm. Milliyə gəldikdə, bununla bağlı söz-söhbət çoxdan gedir. Mənə heç kim zəng etməyib. Orada 8-10 nəfər yazırlar, bəlkə kimsə mənim də adımı ora daxil ediblər. Ciddi bir şey olsaydı, zəng edərdilər. İndi mənim bir məqsədim var, o da "Neftçi"dir. Kluba və mənim qarşıma qoyulan hədəflərə çatmağı düşünürəm. Alınar-alınmaz, həyat göstərəcək.Bu öhdəliyi üzərimə götürmüşəmsə, sona qədər gedəcəyik. Görürsüz ki, nə qədər məsafə qət etmişik. Futbolçulara təşəkkür edirəm ki, üzərlərində işləyirlər, məşqlərdə çox peşəkardırlar. Klubun rəhbərliyinə də təşəkkür edirəm. Onlar da oyunçulara böyük motivasiya göstərirlər, dəstək göstərirlər. Ortada belə nəticə var. Komanda ilə rəhbərlik bir olanda, bu böyük gücdür.


















































































