"Oyuna yaxşı hazırlaşmışdıq. Qalib gəlmək istəyirdik. Final oyunu kimi çıxmışdıq. Birinci hissə "Neftçi", ikinici hissə biz yaxşı oynadıq. Əvəzetmələrlə oyunu düzəltdik, qol da vurduq. Cinah oyunçularımız yox idi. Komandamızdan 2-ci hissədə razı qaldım. "Neftçi"ni təbrik edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Araz-Naxçıvan"ın məşqçisi Vadar Nuriyev səfərdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra mətbuat konfransında deyib.
Cəzalı baş məşqçi Andrey Demçenkonun yoxluğunda mətbuat konfransına qatılan Nuriyev jurnalistlərin suallarını da cavablandırıb:
- Bundan sonra avrokubok qatarının getdiyini demək olar?
-Deməzdim ki, getdi. Qarşıda 6 oyunumuz var. Rəqiblərimizin də oyunları olacaq. Tam demək olmaz ki, avrokuboklardan qopduq. Ola bilər ki, rəqiblərimiz də xal itirəcək.
- İlk hissədə rəqibə bu qədər qol epizodu verməyiniz nədən irəli gəlirdi?
- Dediyim kimi, cinah oyunçularımız yox idi. İssuf Paro sağ cinah oyunçusu deyil. Ömər Buludov isə sol cinah oyunçusu deyil. Onların tərs mövqelərdə oynamaları səbəbindən qapımız qarşısında belə təhlükəli vəziyyətlər yarandı.
- Məğlubiyyəti bununla əlaqələndirmək olar?
- Ehtimal etmirdik ki, belə bir şey ola bilər. Amma oldu. Zədəli oyunçumuz var. Bruno Franko çoxdandır oynamır, ayağında sınıq var. O da olsaydı, tamam başqa futbol oynayacaqdıq. Cinahda belə səhvlər etməyəcəkdik.
- Amma Slavik Alxasov kimi oyunçunuz var idi. Hansı ki sonradan meydançaya daxil oldu. Paro isə ilk dəfə deyildi ki, cinahda oynayırdı. Daha əvvəl "Karvan-Yevlax"la qarşılaşmada da sağ cinah müdafiəçisi kimi oynamışdı və müəyyən təcrübəsi var idi...
- "Karvan-Yevlax"la "Neftçi"ni bir hesab etməyək. "Neftçi"nin səviyyəli, keyfiyyətli oyunçuları var. Həm də bugünkü rəqib "Neftçi"dir. Ona görə də Paroda bu gün alınmırdı.

















































































