"Turan Tovuz" komandasının qapıçısı Oleq Baklovun evdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra Sportnet.az-a müsahibəsi
- Komandada Sergey Samok kimi təcrübəli qapıçı da var. Hansınızı əsas qapıçı saymaq olar?
- Bizdə əsas qapıçı anlayışı yoxdur. Hər iki qapıçı iş başındadır.
- Onda keçək daha ciddi məsələyə. Bugünkü oyunu necə qiymətləndirirsiniz?
- Məncə, hər kəs gördü ki, bu mövsümün ən ağır oyunlarından biri idi. Orada nəyin bahasına olursa olsun, qalib gəlmək çox vacib idi, çünki rəqiblərimiz də xal qazanırdılar. Komanda müəyyən xal fərqi və ehtiyatı olanda özünü daha rahat hiss edir. Qalan hər oyunda da çıxıb mübarizə aparacağıq, çünki azarkeşlər var, rəhbərlik var. Qalan oyunlarda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.
- Bəs öz oyununuzu necə qiymətləndirirsiniz?
- Yəqin bilirsiniz ki, uzun müddətdir oynamırdım, iki ay meydanlardan uzaq qaldım, müalicə alırdım. Çox ağır idi. Bu, fasilədən sonra ikinci oyunumdur. Oyun tonusunu bir az bərpa etmək lazımdır. Hər hansı bir futbolçu üçün oyun tonusu çox vacibdir. Düşünürəm ki, hər oyunla bu tonus artacaq.
- Həm klubun rəhbəri Ehtiram Quliyev, həm də baş məşqçi Kurban Berdıyev "Qarabağ"la xal fərqinin azalmasını bir az təvazökarlıqla qeyd etdilər. Bu, hələ qarşıda çox oyunların olduğuna işarədir. Sizcə, "Qarabağ"ı qabaqlamaq şansı varmı?
- Belə deyim, biz bunun üçün hər şeyi edəcəyik. Bu futboldur, burada hər şey mümkündür, qeyri-mümkün bir şey yoxdur. Qarşıda hələ 6 tur var. Ona görə də maksimum güclə oynayacağıq.
- Bugünkü oyunun atmosferi haqqında nə deyə bilərsiniz?
- Deyim ki, biz Tovuz üçün, bu atmosfer üçün çox darıxmışdıq. Bilmirəm nə ilə bağlıdır, amma oyunların çoxu az sayda azarkeşlə keçir. Futbol, hər şeydən əvvəl, azarkeşlər üçün oyundur. Şəxsən öz adımdan deyim ki, tribunalarda çoxlu insan, çoxlu azarkeş olanda özünü bir az fərqli hiss edirsən. Möhtəşəm atmosfer idi, bu qədər azarkeşin qarşısında oynamaq hər zaman əladır.
- Belə bir sual, bəlkə də mövzudan kənar: çempionatda ehtiyat etdiyiniz ən təhlükəli hücumçu kimdir?
- Çətin sualdır. Komandamızdan Jo Batistanı deyərdim.
- Amma axı o, sizinlə eyni komandada çıxış edir...
- Elə birlikdə məşq etdiyimiz üçün deyirəm.
- Aydındır. Bəs digərlərindən, "Sabah"dan, "Qarabağ"dan, "Neftçi"dən?
- Məncə, belə baxsaq, çempionatın bombardiri - "Sabah"ın hücumçusu Coy Lens Mikelsdir.
- Bu, "Sabah" - "Turan Tovuz" oyununa təsir edə bilərmi? Mikels eşitsə ki, siz ondan ehtiyat edirsiniz, daha çox qol vura bilər...
- Məsələ mənim ehtiyat etməyimdə deyil. Statistika var ki, o, ən yaxşı bombardirdir. Biz də hər oyunda olduğu kimi, bu oyunda da mübarizə aparacağıq.
- Çempionatımızdakı hakimlik barədə fikriniz maraqlıdır. Məsələn, elə Azərbaycan Kubokunun ilk yarımfinal matçında baş hakim Əliyar Ağayev "Zirə"nin qapısına iki penaltinizi təyin etmədi...
- Hakimliyi müzakirə etmək ixtiyarım yoxdur. Amma fikrimcə, bu mövsüm bizim xeyrimizə olmayan çoxlu həlledici səhvlər oldu.
- Bütün bunlar "Zirə" ilə cavab oyununa təsir edəcəkmi?
- Təbii ki, biz oyuna 0:2 hesabı ilə başlayacağıq. Baş hakim səhv etdi, AFFA Hakimlər Komitəsi də onun səhvini etiraf etdi və müvafiq qərar verdi.
- Geridönüş mümkündürmü?
- Bunun üçün hər şeyi edəcəyik. Mübarizə aparacağıq, kubok bizim üçün çox vacibdir.
Mikayıl HACIYEV









































































