Elşən MƏMMƏDOV
Tovuzda niyə üzbəüz, tribunada azarkeş yoxdur? Bilet satılırsa, niyə o hissəyə satılmır?
Bu durumu izlədikdə "Bəyin oğurlanması" filmindən bir səhnə yadıma düşür. Orada kolxoz sədri, rəhmətlik Səməndər Rzayev soruşur: "Niyə oynamırsız?"
Bir nəfər də deyir ki, necə oynayaq, səs ordan gəlir.
Kolxoz sədri də cavabında "Ordan eşit, burdan oyna da" söyləyir.
Deyəsən, Tovuz şəhər stadionunda da eyni durum yaranıb. Futbolçular tribunanın bir tərəfindən dəstək görüb azarkeş səs-küyü eşidərək, üzbəüzdəki boş tribunalar üçün oynayırlar. Matçı televiziyadan jzləyəndə səsi eşidirsən, amma boş tribunalardan başqa heç nə görmürsən.
Düzdür, "Qarabağ"ın ev oyunlarını keçirdiyi "Azersun Arena"da da analoji halla rastlaşmaq olar. Amma həmin vaxt üzbəüzdə tribuna olmadığı üçün azarkeşlər məcburən çəkiliş olan tərəfdə qalır. Hə, çəkilişin Sumqayıtdakı "Kapital Bank Arena"dalı kimi üzbəüz tərəfdən tribuna istiqamətində aparılmaması başqa mövzudur. Görünür, həmin tərəfdə şərhçi kabinəsinin də olmasına gərək var.
Amma söhbət ondan gedir ki, çəkiliş olan tərəfdə tribuna dolu vəziyyətdə görünməlidir. Bu, televiziya vasitəsilə oyunu izləyənlərin "Boş tribuna qarşısında oynanılan çempionat kimə lazımdır?" fikirlərinin yaranmaması üçün vacibdir. Amma görünür, Azərbaycan futbolunda oyunların dolu yox, boş tribunalar önündə keçirilməsi hələ də bir çoxlarına maraqlıdır...