"Oyun ərzində bizim də fərqlənmək üçün şanslarımız az olmadı. Təəssüf ki, fərqlənə bilmədik. Futzalın da öz qanunları var: yaratdığın imkandan istifadə etməlisən, yoxsa sənin torunu silkələyəcəklər".
Sportnet.az-ın məlumatına görə, bunu "Araz-Naxçıvan"ın futzalçısı Viktor Hüqo İsveçin "Erebru" komandasına 2:5 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin I tur oyunundan sonra deyib.
O, matça yaxşı başladıqlarını bildirib: "Görüşə nəzarət edirdir. Topla daha çox oynayan tərəf bizim futzalçılar idi. Amma qayda pozuntusuna çox yol verdik və nəticədə birinci hissədə rəqibin 10 metrlik zərbə vurmasına şərait yaratdıq. Bu qoldan sonra bir qədər çaşqınlıq yaşadıq, oyun keyfiyyəti aşağı düşdü. Fasilədən sonra da səhvlərdən qaça bilmədik".
Qrupdan çıxmağın çətin olacağını etiraf edən hücumçu şansların davam etdiyini vurğulayıb: "Qarşıdakı hər iki oyunda qələbə qazansaq, qrup lideri olmaq imkanımız yaranacaq. Bunun üçün həm də “Erebru"nun büdrəməsi lazımdır. Hər iki oyunda qələbə qazanmaq üçün gücümüz və potensialımız var. Çətin olacaq, amma sona qədər mübarizə aparacağıq".
Qeyd edək ki, Azərbaycan çempionu V qrupda növbəti oyununu oktyabrın 27-də "Loznika Qrad"a qarşı keçirəcək.