"Son üç ayda ən yaxşı oyunumuzu keçirdik".
Sportnet.az-ın məlumatına görə, bunu "Araz-Naxçıvan" futzal klubunun baş məşqçisi Joze Alesio Da Silva Serbiyanın "Loznika Qrad" komandasına 1:4 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin II tur oyunundan sonra deyib.
Braziliyalı mütəxəssis rəqibdən üstün oynadıqlarını bildirib: "Statistika baxdıq, köməkçi məşqçi 67 epizod yaratdığımızı, qapıya 31 zərbə endirdiyimizi dedi. Amma nəticə bunu gostərmir, bu qədər epizodumuz ola-ola cəmi 1 qol vurduq. Deməli, son nöqtəni qoymaqla bağlı problemimiz var. Sən bu qədər epizodlardan istifadə edə bilmirsənsə, rəqib şansını qaçırmayacaq. "Lozniça Qrad" da təcrübəli komandadır".
Qrupdan çıxmaq şanslarının qalmadığını söyləyən baş məşqçi son turda Bosniya və Herseqovina "Mostar"ı ilə keçirəcəkləri oyuna qələbə qazanmaq üçün çıxacaqlarını vurğulayıb.