Sportnet.az “Qəbələ”nin hücumçusu Felipe Santosun müsahibəsini təqdim edir:
- Qısamüddətli istirahətdən sonra mövsümün ikinci yarısına tam hazırsınız?
- Ailəmlə birlikdə Braziliyada dincəldim. Cəmi bir neçə gün olmasına baxmayaraq, dincəlmək və gücümü bərpa etmək imkanım oldu.
- Ümumiyyətlə, mövsümün ilk yarısını “Qəbələ” üçün necə dəyərləndirmək olar?
- İlk yarı enişli-yüksəlişli oldu. Oyunlarda yaxşı qol imkanları yaxalasaq da, onları əldən verdik. Ancaq mövsümün ikinci hissəsində uğurlu çıxış üçün hər şeyi edəcəyik.
- 18 oyunun cəmi 7-də qələbə qazanmaq zəif göstərici deyil?
- Razıyam, komandamızın keyfiyyətinə görə zəif göstəricidir. Bunu uğurlu çıxış saymaq olmaz. Daha yaxşısını bacardığımızı bilirik.
- Bəs bunu nə ilə əlaqələndirmək olar? İlk “4-lük”dən kənarda qalmağınızın səbəbini nədə görürsünüz?
- Çempionatda yuxarı pillələrdən geri düşdük. Məğlub etməli olduğumuz rəqiblərlə oyunlarda vacib xallar itirdik. Bu da turnir cədvəli baxımından işimizi çətinləşdirdi.
- Premyer Liqada 4 heç-heçə və 7 məğlubiyyətiniz var. Hansı matçlardakı xal itkilərinə görə daha çox üzüldünüz?
- Xallar itirdiyimiz bütün oyunlar bizi məyus etdi. Rəqiblərin keyfiyyətinə bələdik. Amma daha çox görüşdə qələbə qazana bilərdik.
- Bunun fonunda Azərbaycan Kubokunda “Qarabağ” kimi rəqibi üstələdiniz. “Qəbələ”nin finala yüksəlmək və kuboku qazanmaq şansını necə qiymətləndirirsiniz?
- “Qarabağ”a qarşı kubok oyunlarında gücümüzü göstərdik. Ancaq bilirik ki, hələ heç nə qazanılmayıb. Kubokda finala yüksəlmək üçün əlimizdən gələni edəcəyik.
- “Qarabağ” və “Sabah” ölkə kubokunda mübarizəni dayandırdı. Razısınız ki, bu sizin işinizi asanlaşdırır?
- Xeyr, kubokda yoluna davam edən komandalar da iddialıdırlar. Onlar güclərini göstərərək yarımfinala yüksəliblər. Yarımfinaldakı rəqibimiz “Səbail” də “Sabah”ı mübarizədən kənarlaşdırıb. Rəqibə hörmətlə yanaşaraq, finala adlamaq üçün bütün gücümüzü ortaya qoymalıyıq.
- Qış fasiləsində “Qəbələ”nin hansı mövqelərinin güclənməyinə ehtiyac var?
- Klub rəhbərliyi yeni transferlərə ehtiyac duyulduğunu bilir. Onlardan xəbər gözləyəcəyik. (Report)