“Olimpiakos”la oyun müsbət, “Qarabağ”la matç isə mənfi mənada xatirəmdədir”.
Sportnet.az xəbər verir ki, bunu Fransanın “Nant” klubunun futbolçusu Mustafa Məhəmməd komandasının bu mövsüm Avropa Liqasının qrup mərhələsindəki çıxışına münasibət bildirərkən deyib.
Misir millisinin hücumçusu klubun rəsmi saytına müsahibəsində “Qarabağ”la keçirilən matçlara da toxunub. O, xüsusən də Bakıda 0:3 hesablı məğlubiyyəti unutmadığını söyləyib: “Nant”ın heyətində avrokuboklarda ilk oyunum “Olimpiakos”a qarşı oldu. Həm qol vurdum, həm də qələbə qazandıq. Möhtəşəm sevinc idi. Baş məşqçinin meydanda qaçdığı hələ də gözümün önündədir. Ancaq növbəti turda Bakıda “Qarabağ”dan ağır məğlubiyyət aldıq. Buna baxmayaraq, cavab görüşündə “Qarabağ”a 2:1 hesabı ilə qalib gəlməyi bacardıq. Həmin matçdan sonra qardaşıma dedim ki, turnirdə daha da irəliləmək potensialımız var. Son turda da “Olimpiakos”u səfərdə məğlub etməklə bunu reallaşdırdıq”.
Qeyd edək ki, G qrupunda ikinci yeri tutan “Nant” Avropa Liqasında mübarizəni davam etdirəcək. Qrup üçüncüsü olan “Qarabağ” isə Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ əldə edib. Azərbaycan təmsilçisi fevralın 16-da və 23-də Belçika klubu “Gent”lə qarşılaşacaq.