"Yaxşı oyun alındı. Komanda şəklində nə etdiyimizi bilirdik. Son dəqiqələrdə güclü təzyiqə məruz qaldıq. Yeni transferlər sona qədər ritmi saxlaya bilmədilər və bu, oyunumuza təsir etdi".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov evdə "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XX tur oyunundan sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis bildirib ki, əks hücumlar qolla nəticələnsəydi, daha rahat olardıq: "Sonluğun gəlməməsinin cavabı yoxdur. Bunu şanssızlığa bağlayıram. Ot örtüyü də sürüşkən idi. Bizim stadionlarda belə problemlər var. Məsələ otdadır. Su vuruldu-vurulmadı, ot ayağının altından qaçır. Bu, bizim üçün həddindən artıq əziyyətlidir".
O, son dəqiqələrdə gənclərə şans verməsini belə izah edib: "Məcburi dəyişikliklər oldu. Hər riskli vəziyyətdə gəncləri buraxsaq, yaxşı olar".
Baş məşqçi Riçard Qadze ilə vidalaşmalarının səbəbini də açıqlayıb: "Qadze sürətli hücumlar zamanı axsayırdı. Toplanışa gəlmədi, komandadan göndərdik".
Abasovun sözlərinə görə, ehtiyat oyunçuların azlığı zədələrlə bağlıdır: "2-3 mərkəz müdafiəçimiz var, onlardan 2-si zədəlidir. Nə deyə bilərəm? Bu, azı 2-3 həftə çəkəcək".
Mütəxəssis yeni transferlər Kərim Abubakarın çıxışı və Kamran Əliyevlə müqavilənin yubanmasına da toxunub: "Abubakar çox çalışdı. Kamranla bağlı yaxın zamanda açıqlama olacaq. Məşqlərdə xoş təəssürat bağışlayır".