“Qarabağ”ın qapıçısı Andrey Lunyovun agenti Anton Smirnov futbolçunun Ağdam klubuna tez uyğunlaşdığını bildirib.
Sportnet.az xəbər verir ki, o, “Legalbet”ə açıqlamasında bunun dil məsələsi ilə bağlı olduğunu bildirib: “Andrey üçün Bakıda yaşamaq Leverkuzendən daha asandır. Əsas dil məsələsidir. Rus dilində hamı ilə asanlıqla danışa bilir. Onu hamı başa düşür: məşqçilər korpusu, futbolçular. Alman və ya ingilis dillərində deyil, öz ana dilinizdə ünsiyyət qurmaq komandada ona çox rahatdır. Bu, uyğunlaşmağı asanlaşdırır.
Andrey ən çox hansı komanda üzvü ilə ünsiyyət qurur? Hamı ilə yaxşı münasibətdədir. Həmişə olduğu kimi, yəqin ki, qapıçılarla çox ünsiyyəti var. Onlar məşqdə daha çox vaxt keçirir və birlikdə işləyirlər. Bazada Andrey Moskva “Lokomotiv”inin yetirməsi olan qapıçı Amin Ramazanovla bir otaqda qalır”.
Smirnov Bakı haqda da müsbət fikirlər söyləyib: “Andrey Azərbaycanda hər şeydən razıdırmı? Bakı çox inkişaf etmiş və gözəl şəhərdir, heyrətamiz mətbəxi var. Rahat yaşamaq üçün hər şey mövcuddur.Bu işlər üçün pul qoyurlar, çoxlu binalar, o cümlədən Moskvadakı kimi dəbdəbəli yaşayış binaları tikilir”.
Qeyd edək ki, “Zenit”lə üçqat Rusiya çempionu olan Lunyov 2021-ci ilin yayında "Bayer”ə transfer olunsa da, Bundesliqa klubunda cəmi 3 oyuna çıxıb. O, bu yay "Bayer"dən ayrılaraq azad agent kimi "Qarabağ"a keçib.
Əlavə edək ki, "Qarabağ"da inamlı çıxışı ilə seçilən Andrey Lunyov komandada ümumilikdə 6 oyun keçirib və 2 qol buraxıb.