Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın növbəti rəqibi olan "Bayer" bu gün tam heyətlə hazırlığa başlayıb.
Sportnet.az xəbər verir ki, milli komandaların düşərgəsində olmuş Leverkuzen təmsilçisinin 16 futbolçusu dünən klubun düşərgəsinə qoşulublar. 16 futbolçu az qala ehtiyat heyət də daxil olmaqla bütöv bir komanda deməkdir. Həmin futbolçulardan bir çoxu komandaların son oyunlarında iştirak ediblər.
Milli komandalara dəvət edilən futbolçular bunlar olub:
Conatan Ta, Florian Virts, Yonas Hofmann, Robert Andriç (hamısı Almaniya), Lukaş Qradetski (Finlandiya), Viktor Bonifase (Nigeriya), Qranit Caka (İsveçrə), Ceremi Frimponq (Niderland), Odilon Kossunu (Fil dişi sahilləri), Esekiel Palasios (Argentina), Amin Adli (Mərakeş), Pyero İnkapye (Ekvador), Yosip Stanişiç (Xorvatiya), Matej Kovar, Patrik Şik (hər ikisi Çexiya), Edmond Tapsoba (Burkina-Faso).
Bu gün baş məşqçi Xabi Alonsonun rəhbərliyi altında "aslanlar" bundesliqada səfərdə qarşılaşacaqları "Volfsburq"la oyunun hazırlığına başlayıblar. Bu görüş oktyabrın 21-də keçiriləcək. Almaniya mətbuatı yazır ki, millinin düşərgəsindən qayıtmalarına baxmayaraq, futbolçuların əksəriyyəti sabahkı matçda iştirak edəcəklər. "Bayer" həmin matça Almaniya bundesliqasının lideri (7 oyun, 19 xal) kimi yollanacaq.
Xatırladaq ki, "Qarabağ"la "Bayer" arasında ilk oyun oktyabrın 26-da Leverkusendə, cavab görüşü noyabrın 9-da Bakıda keçiriləcək. Hər iki komanda qrupda keçirdikləri 2 oyunda qələbə qazanıblar və 6 xalla şərikli liderdirlər.