“Bayer 04” ilə “Qarabağ” arasında yerlə göy qədər fərq var”.
Sportnet.az xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov UEFA Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Bayer 04” komandasına qarşı keçirilən oyunu dəyərləndirərkən deyib.
Agent Azərbaycan çempionunun 1:5 hesablı məğlubiyyətinə baxmayaraq, Bakıda baş tutacaq cavab qarşılaşmasında yaxşı çıxış edəcəyinə inanır: “Yaxşı ki, cəmi 5 qol oldu. Belə oyunu şərh etmək çətindir. Ümid edirəm ki, Bakıda daha layiqli mübarizə olacaq”.
A.Smirnovun fikrincə, buraxılan qollarda rusiyalı qapıçının səhvi olmayıb: “Andrey meydanda yaxşı idi, amma futbol komanda oyunudur. O, yalnız buraxılan beşinci qolda daha yaxşı oynaya bilərdi. Ancaq həmin epizodda da müdafiəçilərin harada olduğu bəlli deyildi. Belə matçlardan düzgün nəticə çıxaranlar irəliləyir və güclənirlər. Andreyə və komandasına sona qədər mübarizə apardığına görə təşəkkür edirəm. Bu o deməkdir ki, komandanın xarakteri var”.
Qeyd edək ki, “Qarabağ”la “Bayer 04” arasında cavab oyunu noyabrın 9-da Bakıda keçiriləcək.