"Kəpəz" Azərbaycan Premyer Liqasının XXII turunun "Səbail"lə oyunundakı hakim idarəçiliyindən narazı qalıb.
Sportnet.az xəbər verir ki, Gəncə təmsilçisi bununla bağlı rəsmi feysbuk səhifəsində açıqlama və video paylaşıb.
Matçın baş hakimi Nicat İsmayıllının mübahisəli qərarlarının yer aldığı video-çarxda AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşəyə də söz atılıb. Belə ki, klub videonu "Verilən qərarlarla BARIŞmırıq!" başlığı ilə paylaşıb.
"Səbail” ilə oyunun 44-cü dəqiqəsində qapımıza təyin olunan penalti epizodundan əvvəl künc zərbəsi zamanı rəqib futbolçu Amil Yunanovu arxadan itələsə də, baş hakim Nicat İsmayıllı qayda pozuntusu qeydə almadı. Eyni epizodun davamında Junior Martinsin zərbəsindən sonra top “Səbail”in oyunçusuna toxunaraq meydanı tərk etdi. Laysman topun rəqibdən çıxdığına işarə edərək bayrağını müvafiq istiqamətə yönləndirsə də, baş hakim yenə fərqli qərar qəbul etdi. Və son nəticədə epizodun davamı qapımıza penalti ilə nəticələndi.
48-ci dəqiqədə komandamızın yerinə yetirdiyi künc zərbəsi zamanı rəqib futbolçu Rüfət Abdullazadə cərimə meydançasında hər iki əli ilə topla oynasa da, referi VAR-a ehtiyac duymadı".
Qeyd edək ki, Qəbələdə keçirilmiş oyun bakılıların 4:1 hesablı qələbəsi ilə başa çatıb.