"Gərgin oyun alındı. Çətin oyun və çətin rəqibin bizi gözlədiyini bilirdik. İlk yarıda üstünlük rəqibdə idi. İkinci hissədə üstünlüyü ələ alaraq, iki qol vurduq. Nəticədən razıyam".
Sportnet.az xəbər verir ki, bu sözləri Almaniya "Bayer"inin baş məşqçisi Xabi Alonso Bakıda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis bildirib ki, bugünkü matçın ikinci hissəsindəki kimi cavab görüşündə də çıxış etməyə çalışacaqlar: "Bu gün güclü "Qarabağ" gördüm"
O, Qurban Qurbanovla görüşün oyuna heç bir təsir göstərmədiyini söyləyib: "Təsiri oyunçular göstərdi. Açığı, birinci məğlubiyyətə fokus tutmuram. Daha çox dinamikanı düşünürəm".
Alonso fikrincə, xüsusən birinci hissədən sonra hesaba görə "Qarabağ"ın bəxti gətirmişdi: "İkinci hissədə isə bizim bəxtimiz gətirmədi. Rəqibin qol vəziyyətlərdən yararlana bilməməsi onun bəxtinin gətirməməsi deməkdir".
Baş məşqçi deyib ki, Azərbaycan futbolu deyəndə ağlına "Qarabağ" gəlir: "Xatırlayıram, "Atletiko" ilə heç-heçələr əldə olunmuşdu. Qurban Qurbanov uzun illərdir bu komanda ilə uğurlar qazanır".
O, komandasının hər bir üzvünə inandığını vurğulayıb: "Bu gün də qələbəyə inanırdım. Fasilədən sonra meydana çıxan futbolçular hesabı dəyişə bildilər. Bu, Bundesliqa yox, pley-off mərhələsidir. Deməzdim ki, ən zəif oyunumuz idi. Sadəcə, birinci hissədə oyunumuz alınmadı. İkinci hissədə dəyişikliklərlə yekun nəticəni müəyyənləşdirdik. Rəqibin çox keyfiyyətli oyunçuları var. Hətta Bundesliqada çıxış edə biləcək futbolçuları var. Amma onların adlarını demək istəmirəm. "Qarabağ"ın özü də Bundesliqada oynaya bilər".
Alonso birinci hissədə Florian Virts və Qranit Cakanın ehtiyatda qalmasını öz səhvi adlandırıb: "Amma fasilədən sonra onları meydana buraxdım. Bugünkü oyunda qol vəziyyətləri yarada bilməməyimizi analiz edəcəyik. Əsas səhvimiz topu ötürmələrlə sonuncu yerə gətirə bilməməyimiz idi".
Qeyd edək ki, komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə keçiriləcək.