"Azarkeşlərimizə belə hava şəraitində bizimlə olduqları və futbolçularıma bu cür performans göstərməyə kömək etdiklərinə görə təşəkkür edirəm".
Sportnet.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniya "Bayer"i ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis bildirib ki, bu rəqibə qalib gəlmək olardı: "Hücum etmək və oyun intizamını qorumaq vacib idi. Amma eyni tempi qorumaq asan deyildi. İkinci hissədə rəqibin keyfiyyətli futbolçuları meydana çıxdı. Bizdə isə hansısa anlarda Romao və Elvin Cəfərquliyev kimi futbolçular çatmadı".
Onun sözlərinə görə, bu gün alman futbolunda, bir çox ölkələrdə iş elə qurulub ki, rəhbərləri dəyişsə də, mexanizm davam edir: "Çünki düzgün struktur qurulub. Bizim üçün bu, önəmlidir. Daha möhkəm olmaq üçün atacağımız addımlar vacibdir. 5-10 il sonra nə qədər inkişaf etsək də, onlar daha da irəlidə olacaqlar. Yəni, fərq həmişə olacaq. Müqayisə aparmayaq, işimizi daha yaxşı görək".
Təcrübəli baş məşqçi nəticəyə görə məyus olmadığını söyləyib: "Bəlkə yorğunluq var. Hamınız rəqibin gücündən danışsaq da, cavab görüşünə daha ciddi hazırlaşmalıyıq. Əsas məsələ oyunçularımızın hazırlıqlı olmalarıdır. İnkişaf etmək üçün böyüklərə qalib gəlməliyik. Məğlub olmaq da olar. Amma qalib gəlməliyik ki, onlardan da üstün olaq".
Qurbanovun fikrincə, futbol siyasətdən uzaq olmalıdır: "Bunu dəfələrlə demişik. Amma necə etsək də, futbol siyasətə qarışıb. Düşmənlərimiz beynəlxalq oyunlarımızda müxtəlif anlaşılmaz hərəkətlər ediblər. Həmişə çalışmalıyıq ki, özümüzü layiqincə təmsil edək. Biz istəməsək də, adımız siyasi formada da hallanır. Amma "Qarabağ" adı bizim üçün önəmlidir. Özüm siyasətdən uzağam. Cavabım da belədir: Bilmirəm futbol siyasətdir, yoxsa siyasət deyil"
Mütəxəssis deyib ki, cəzalı futbolçuların yoxluğunun oyuna təsiri oldu: "Amma faiz nisbətini deyə bilmərəm. Çünki Romao və Cəfərquliyev sonadək oynamağa gücləri çatan futbolçulardır. Bəzi futbolçularımızın yorğunluqları hiss edilirdi".
Qurbanov hər şeyə real baxmalı olduqlarını vurğulayıb: "Oyundan əvvəl ən çox inamlı olan bəlkə də mən idim. Amma hər yerdə oxuyurdum, hətta zənglər gəlirdi ki, səviyyə fərqini başa düşürük. Ən azı Bakıda nəticə əldə edə biləcəyimizə ümidli idim. Amma cavab görüşünə ümidsiz deyiləm. Komandamı daha yaxşı hazırlamağa çalışacağam. İspan və alman komandaları istənilən rəqibə ciddi yanaşırlar".
O, rəqibin start heyətində ciddi dəyişiklik olmadığını diqqətə çatdırıb: "Amma bir neçə oyunçuya istirahət veriləcəyini gözləyirdim. İkinci hissədə Şik və Virtsin meydana çıxması ilə komandanın ustalığı artdı".
Baş məşqçi qolların hər ikisini daha sürətli hücumlarla vurduqlarını bildirib: "Rəqib ən sürətli komandalardan biridir. Müdafiə olunanda da bir neçə elementi yerinə yetirdik. Amma sonadək alınmadı".
Qurbanov oyun zamanı zədələnən futbolçuların durumunu da açıqlayıb: "Juninyonun əzələsində problemi oldu. 70 faiz zədə ehtimalı var. Digərlərlərində elə də ciddi problem gözləmirəm".
Mütəxəssis "Bayer" kimi komandalarla matçlarda tam hazırlaşmağın asan olmadığını əlavə edib: "Mövsümboyu bütün oyunlara komandanı kökləməyə gücümüz çatmaya bilər. Amma hazırda 1/8 final oyunu olduğu üçün futbolçuların məsuliyyəti artıb. Bu gün bir Bundesliqa komandası ilə oyuna hazırıq demək düzgün olmaz. Biz il ərzində 3-4 dəfə belə situasiya ilə qarşılaşırıq, onlar isə mövsüm ərzində belə çıxış edirlər. Sadəcə, təcrübələri bu cür çıxış etməyə imkan verir. Müdafiəçilərimizin sona doğru topu uzaqlaşdırmaları rəqibin təzyiq və ustalığından irəli gələ bilər".
O, Aleksey İsayevin tədricən komandaya uyğunlaşmağa başladığını söyləyib: "14-15 futbolçum var ki, əsas oyunçu statusundadır".
Qurbanov çempionatdakı növbəti matçlarını təxirə salmağı düşünmədiklərini deyib. "Öz planımız üzrə hazırlaşacağıq".
Qeyd edək ki, komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə keçiriləcək.