"Futbolçularıma son ana kimi mübarizə apardıqlarına, azarkeşlərimizə isə bizə dəstək olduqlarına görə təşəkkür edirəm".
Sportnet.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer" klubuna 2:3 hesabı ilə məğlub olduqları cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, Elvin Cəfərquliyevin qırmızı vərəqə alaraq meydandan qovulması işlərini daha da çətinləşdirib: "10 nəfərlə meydanda qaldıq. Buna baxmayaraq, komandamız çox yaxşı oyun göstərdi. Rəqib qapımıza gözlənilməz qollar vurdu. Lakin çox çalışdıq. Sübut etdik ki, istənilən rəqiblə mübarizə apara bilərik".
Onun sözlərinə görə, turnirdəki oyunlar komandası üçün böyük təcrübə oldu: "Avropa futbolunun hansı səviyyədə olduğunu gördük, canlı şahidi olduq. Rəqib baş məşqçi Xabi Alonsonu təbrik edirəm. Həm onlara, həm də özümüzə uğurlar arzulayıram".
Təcrübəli baş məşqçinin fikrincə, "Bayer" kimi komandalara qarşı fiziki cəhətdən həddindən artıq hazırlıqlı olmaq lazımdır: "Avropa futboluna, buradakı dinamikaya dözməliyik. Öz üzərimizdə daha çox çalışmalı və işləməliyik. Belə matçlara bir səhv, qırmızı vərəqə nəticəyə təsir edir. Hər şeyə real baxmalıyıq. "Qarabağ" və "Bayer"in futbol səviyyəsində fərq böyükdür. Amma oyunçular rəqibdən çəkinmədilər, istəkli oldular. Bu da mənim üçün önəmli idi. Bütün klublarımızın səviyyəsini yaxşılaşdırmaq lazımdır. Bir neçə təmsilçimiz turnirlərdə iştirak etsə, nəticələrimiz daha da çox olacaq".
Qeyd edək ki, evdəki ilk matçda "Bayer" ilə 2:2 hesablı heç-heçə edən "Qarabağ" iki görüşün nəticəsinə əsasən Avropa Liqasında mübarizəni dayandırıb.