
Azərbaycan Premyer Liqasına vəsiqə qazanan “Şamaxı” klubunun İdarə Heyətinin sədri Elçin Usub "Azərtac"ın suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir.
- “Şamaxı” Azərbaycan I Liqasının qalibi olaraq birillik fasilədən sonra Premyer Liqaya qayıtdı. Əvvəlcə bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Mövsümün əvvəlindən qarşımızda bir hədəf var idi: çempion olub yenidən Premyer Liqaya qayıtmaq. Düzdür, çox ağır mövsüm oldu, çempionluğu son oyunda rəsmiləşdirdik. Azərbaycan futbolunda illər sonra I Liqaya düşüb yenidən Premyer Liqaya qayıdaraq bir tarixi gerçəkləşdirdik.
- Çempionluq yarışının son tura kimi davam edəcəyini gözləyirdiniz?
- Mövsümün əvvəlindən mübarizənin gərgin keçəcəyi bilinirdi. Hətta bir neçə turdan sonra gördük ki, I Liqa əvvəlki səviyyədə deyil. PFL-in əməyi nəticəsində həm təşkilati məsələlər, həm də komandaların səviyyələri fərqlidir. Mübarizənin son anadək davam edəcəyinə qaldıqda isə 6 tur əvvəl liderdən 7 xal geridə olarkən fikirləşirdim ki, çempion son turda bəlli olacaq.
- Özü də “Şamaxı” digər komandalardan fərqli olaraq, I Liqada yalnız yerli futbolçuların xidmətindən istifadə etdi...
- Biz bu kluba gələndə öz strategiyamızı qurduq. Əsas o idi ki, yerli futbolçularla mübarizə aparaq. İlk ildə Premyer Liqada qalmaq üçün yerli futbolçularla son tura qədər mübarizə aparsaq da, sonda sonuncu pillədə qərarlaşdıq. Bu mövsüm I Liqada son tura qədər davam edən mübarizədə isə məhz yerli futbolçularla çempion olduq.
- "Şamaxı" həm də "I Liqaya düşən klub dağılmalıdır" mifini alt-üst etdi. Bu barədə nə deyə bilərsiniz?
- Eyni peşəkarlıqla I Liqaya hazırlaşdıq. Heç bir əməkdaşımızla yollarımızı ayırmadıq, çempionluğa iddialı komanda formalaşdırdıq. Və əməyimiz nəticəsiz qalmadı, çempion olduq. Bizə görə I Liqaya düşmək faciə deyildi. Əsas odur, iddialı olduq və geri döndük.
- Komanda Premyer Liqaya Ramiz Məmmədovun rəhbərliyi altında vəsiqə qazandı. Adətən klublar yüksək dəstəyə qalxdıqdan sonra ilk dəyişikliyi baş məşqçi postunda edirlər. Bəs siz necə, R. Məmmədovla yola davam edəcəksiniz?
- İki gün əvvəl çempion olduq, dünən də mükafatlandırma mərasimi idi. Çempionat çox gərgin keçdiyinə görə növbəti mövsümün müzakirələrinə başlamamışıq. Bir növ, indi hamı istirahətə vaxt ayırıb.
- Premyer Liqadakı debüt iliniz elə də uğurlu alınmadı və komanda I Liqaya düşdü. Bu dəfə eyni halla üzləşməmək üçün hansı addımlar atılacaq?
- Premyer Liqada ötən il rəhbərlik olaraq ilk ilimiz idi, bizim üçün təcrübə oldu. Növbəti mövsüm çalışacağıq ki, bu təcrübədən maksimum istifadə edib komandanın xeyrinə addımlar ataq.
- Ümumiyyətlə, komanda Premyer Liqaya necə hazırlaşacaq, legioner futbolçular transfer ediləcəkmi?
- Növbəti mövsüm üçün müzakirələrə qarşıdakı günlərdə başlayacağıq. Klubdaxili geniş müzakirələr olacaq, alınan qərarlarla bağlı ictimaiyyətə açıqlamalar veriləcək. Onu da əlavə edim ki, yerli futbolçularla oynamaq öz strategiyamız idi. Necə ki, I Liqada da ancaq yerli futbolçularla çıxış etdik və çempion olduq. Hələlik öz strategiyamızla davam etmək istəyirik, amma müzakirələrdən sonra yekun qərar veriləcək.
- “Şamaxı” komandası daha əvvəl “İnter” və “Keşlə” adı altında uğurlar qazanıb və avrokuboklarda iştirak edib. Bəs, bölgə təmsilçisinin növbəti mövsüm üçün Premyer Liqadakı hədəfləri nə olacaq?
- İlk hədəfimiz Premyer Liqada möhkəmlənib yerimizi qorumaq olacaq. Hər şeyi planlı şəkildə etmək istəyirik, hazırda avrokuboklar uğrunda mübarizə aparacağımızı desəm, düzgün olmaz. Pillə-pillə irəliləmək istəyirik.
- Artıq Premyer Liqaya vəsiqə qazandığı üçün kluba yeni sponsorların cəlb olunacağını gözləmək olar?
- I Liqada çıxış edəndə də sponsor axtarışlarımız davam edirdi. Hələ bu barədə heç bir yenilik yoxdur. Ümid edirik ki, kluba sponsorlar cəlb edə biləcəyik.