Yanvarın 19-da Azərbaycan İdman Jurnalistləri Federasiyasında (AİJF) Vətən müharibəsinin iştirakçısı, idman jurnalisti Mahal Məmmədov ilə görüş keçirilib.
Sportnet.az xəbər verir ki, görüşdə çıxış edən AİJF prezidenti Qabil Mehdiyev Vətən müharibəsində ümumilikdə beş idman jurnalistinin iştirak etdiyini vurğulayıb. AİJF prezidenti torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin hər zaman hörmətlə anılacağını qeyd edib.
AİJF-in vitse-prezidentləri Firuz Abdulla, Mahir Rüstəmli, idarə heyətinin üzvü Elşən Məmmədov Vətən müharibəsində idman jurnalistlərimizin də böyük şücaət göstərdiklərini qeyd edib, Mahal Məmmədova bundan sonrakı fəaliyyətində uğurlar arzulayıblar.
Səmimi görüşə görə federasiya rəhbərliyinə təşəkkürünü bildirən Mahal Məmmədov müzəffər Azərbaycan Ordusunun sıralarında döyüşməkdən şərəf duyduğunu bildirib, qələbəyə aparan döyüş yolundan bəhs edib, xatirələrini bölüşüb.
Görüşdə Mahal Məmmədova AİJF-in “İdman mediasının fəxri” mükafatı və xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, bu, AİJF-in torpaqlarımızın düşmən tapdağından azad olunmasında iştirak etmiş idman jurnalistləri ilə sayca üçüncü görüşüdür. Bundan əvvəl dekabrın 30-da qazi Daşqın Əziz, yanvarın 9-da isə Anar Miriyev, Süleyman Vəliyev və Mehman Əşrəfov ilə görüşlər keçirilib.