"Düzdür, İspaniya çətin rəqibdir, amma Azərbaycan millisi də asan yeniləcək komanda deyil”.
Sportnet.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev Avropa çempionatının final mərhələsin püşkü barədə danışarkən deyib.
O, Azərbaycan Futzal Federasiyasının "facebook” səhifəsinə açıqlamasında bildirib ki, 5-ci dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazan yığmanın kifayət qədər təcrübəsi var. R.Fərzəliyev deyib ki, oyunlara qədər qalan vaxtı düzgün dəyərləndirməli, ciddi hazırlaşmaq lazımdır: "Mübarizəni qrup mərhələsi ilə məhdudlaşdırmaq haqda düşünmürük. Razıyam, bu gün İspaniya dünyada ən güclü yığmalardan biridir. Sonuncu dünya çempionatında büdrəsələr də, zəif rəqib deyillər. İndi qrupumuzun favoriti onlar hesab edilir, amma biz sona qədər mübarizə aparacağıq. Fransaya gəldikdə, onlar ilk mərhələdən bura qədər uzun yol qət ediblər. Üstəlik, play-offda Xorvatiya kimi komandanı yarışdan kənarlaşdırıblar. Halbuki onlar da son illərdə final mərhələsinin iştirakçıları sırasında görməyə alışdığımız rəqiblərdəndir. Deməli, Fransa komandası hazırda yüksəlişdədir”.
R.Fərzəliyeb bütün komandaların Azərbaycan millisinə hörmətlə yanaşdığını söyləyib: "Bu da əbəs yerə deyil. Dünya çempionatında nümayiş etdirdiyimiz oyunlar, eləcə də ardıcıl Avropa çempionatının final mərhələsində iştirakımız və qazandığımız nəticələr onları buna vadar edir”.